Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2025 09:53
  • A-
  • A
  • A+

Şəkidə “Konstitusiya və Suverenlik İli: mədəni dəyərlər və milli birlik” mövzusunda konfrans keçirilib

Şəkidə “Konstitusiya və Suverenlik İli: mədəni dəyərlər və milli birlik” mövzusunda konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM), Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik İli: mədəni dəyərlər və milli birlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi yad edilib.

Konfransı giriş sözü ilə Şəki Regional Elmi Mərkəzin baş direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü açaraq tədbirin təşkilində birgə əməkdaşlığa görə Şəki Şəhər İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirib, tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək konfransın işinə uğurlar diləyib.

Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, professor Həbibə Məmmədova "Müasir dövrdə Azərbaycan mədəniyyətinin inkişafında dövlət siyasətinin rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müasir mədəniyyətin əsas istiqamətlərinin Azərbaycan dövlətinin məqsədyönlü, düşünülmüş siyasətinin prinsipləri ilə əlaqədar olduğunu bildirib. O, Milli Musiqi Gününün təsis edilməsi, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun, "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın və s. qanunların qəbul edilməsini dövlətin mədəni siyasətinin əsas məzmunu olduğunu ifadə edib.

Daha sonra Konstitusiya və Suverenlik İli ilə bağlı videoçarx nümayiş etdirilib.

Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov "Azərbaycançılıq milli birliyimizin təməl daşıdır" adlı məruzəsində millət anlayışı, Azərbaycançılıq ideologiyası haqqında danışıb. Bildirib ki, azərbaycançılığın izləri XIX əsrin II yarısında Mirzə Fətəli Axundzadənin əsərlərində görünür, azərbaycançılığın ideologiyaya çevrilməsi, siyasi mahiyyət daşıması N.Vəzirov, H.Zərdabi, Ə.Topçubaşov, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi mütəfəkkirlərin adı ilə bağlıdırsa, Azərbaycançılıq ideologiyasının geniş vüsət alaraq yaşadılması Ulu Öndər, dahi Heydər Əliyevin milli mənliyin unudulmaması uğrunda mübarizəsinin göstəricisidir.

Rahim Həsənov 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq qeyd edilməsinin Azərbaycançılıq ideologiyasının təmin edilməsi uğrunda Ümummilli Liderin mühüm siyasi addımlarından biri olduğunu, Ulu Öndərin müstəqil Azərbaycan xalqını bir ideologiya ətrafında birləşdirməyi bacardığını söyləyib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin məhz bu ideologiya ətrafında biləşərək, vətən uğrunda döyüşdüklərini, şəhid olduqlarını diqqətə çatdırıb.

Şəki REM-in elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov "Azərbaycan mədəniyyətinin və ədəbiyyatının hamisi: fenomen və dahi şəxsiyyət" mövzusunda çıxış edib.

Məruzəçi əvvəlcə fenomen və dahi anlayışlarının şərhini verib, Ulu Öndər Heydər Əliyevin xalqın dövlətçilik tarixini yaşadan, onu milli kökə qaytaran fenomen şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, ölkənin iqtisadi və hərbi qüdrətinin zəif olduğu zamanda tökülən qanların qarşısının alınması məqsədilə aparılan siyasi danışıqlar, atəşkəsin təmin edilməsi, ölkənin milli, mənəvi, iqtisadi, siyasi amillərinin göstəricilərini ehtiva edən Konstitusiya Aktının qəbul edilməsi, təhsil sahəsində davamlılıq, inteqrasiya, demokratiklik və s. prinsiplər əsasında təhsil islahatlarının aparılması, ədəbiyyata diqqət və qayğının göstərilməsi, ədəbi şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi, irsinin öyrənilməsi istiqamətində görülən işlər Ümummilli lider Heydər Əliyevin dahiliyinin, fenomen şəxsiyyət olmasının göstəricilərindəndir.

Kamil Adışirinov əlavə edib ki, "Heydər Əliyev və Şəki" mövzusu onun üçün daim aktuallığını qoruyan məsələlərdəndir və "Şəki fəhləsi" qəzetinin səhifələrində bu barədə müxtəlif məzmunlu yazılara rast gəlmək mümkündür. Lakin xüsusi diqqət çəkən məqam dahi şəxsiyyət Heydər Əliyevin "Şəki fəhləsi" qəzetinin 50 illiyi, "İpəkçi"qəzetinin 60 illiyi ilə bağlı təbrik məktubudur ki, bu da Ulu Öndərin bütün sahələri diqqətdə saxlamasının, Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşmasının nümunələrindən biridir. Vurğulayıb ki, tarix uzaqlaşdıqca, Heydər Əliyev dühası bizə daha da yaxınlaşır, onun mirası olan siyasi hakimiyyət isə etibarlı əllərdədir.

Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli "Azərbaycan Konstitusiyası milli birliyimizin təminatıdır" mövzusunda məruzə edib. O, qanunların cəmiyyətdə insan fəaliyyətinin nizamlanması üçün yaradıldığını, lakin heç də bütün qanunlarda ədalət prinsipinin qorunmadığını, hətta Avropa ölkələrində belə XX əsrin 30-cu illərinə qədər qanun və konstitusiyanın birtərəfli olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Konstitusiyası insan haqları məsələsində dünyaya örnək ola biləcək bir gücə malikdir və dövlətçiliyimizi, hüquqlarımızı ən ədalətli şəkildə müdafiə edir. Məhz bu səbəbdən də Vətənimizə, dövlətimizə, bayrağımıza və Konstitusiyamıza sahib çıxmaq bizim mənəvi borcumuzdur.

Sonda yekun müzakirələr aparılıb, xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: