Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2024 10:41
  • A-
  • A
  • A+

Folklor İnstitutunun illik hesabatı dinlənilib

Folklor İnstitutunun illik hesabatı dinlənilib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

İclasda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Humanitar Elmlər Bölməsinin katibi, fil.ü.f.d. Arzu Məmmədxanlı, Elmi şura üzvləri və gündəlikdəki məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.

Tədbiri Folklor İnstitutunun direktoru v.i.e. fil.ü.f.d., dos. Afaq Ramazanova açaraq institutda aparılan elmi-tədqiqat işlərindən danışıb, 2024-cü ildə təşkil olunmuş tədbirlər, işıq üzü görən yeni nəşrlər, o cümlədən kitab və monoqrafiyalar barədə məlumat verib.

Sonra dos. Afaq Ramazanova institutun 2024-cü il üzrə illik hesabatını təqdim edib. O, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası istiqamətində elmi müəssisəyə tapşırılmış işlərin yerinə yetirildiyini vurğulayıb.

Qeyd edilib ki, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq cari ilin 2-4 dekabr tarixlərində Bakı şəhərində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, TİKA, AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Türkiyənin Çankırı Karatekin Universiteti və Özbəkistan Respublikasının Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə III Beynəlxalq Türkoloji Konqres keçirilib.

Cari ildə fil.ü.f.d, dos. Afaq Ramazanovanın “Folklordan görünən Şuşa” seriyasından ikinci kitabı çapa hazırlanıb.

Alimin Ankarada işıq üzü görən “Türk Dünyası Halkbilimi” toplusunda “Azerbaycanın kültür başkenti Şuşanın folkloru üzerine bir değerlendirme” adlı məqaləsi (Ankara, Bengü yayınları, 2024, s. 576-591) çap olunub.

Folklor İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası ilə əlaqədar dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli və Şərq folkloru”, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzularında respublika elmi konfransları keçirilib.

Hesabatda bildirilib ki, 2024-cü ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 68 iş əsasında tədqiqatlar aparılıb. Cari ildə 53 iş tamamlanıb.

Ümumilikdə il ərzində 4-ü xaricdə olmaqla 36 kitab və monoqrafiya, 54-ü xaricdə olmaqla 300-dən çox məqalə nəşr olunub.

İnstitut əməkdaşlarından 1 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 3 nəfər dosent elmi adı alıb.

Dos. Afaq Ramazanova 2024-cü ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 1 beynəlxalq konfrans, 1 beynəlxalq konqres, 4-ü respublika səviyyəli olmaqla 5 elmi konfrans, 1 elmi seminar, 1 elmi sessiya, 1 dəyirmi masa, 3 anım tədbiri, 5 təqdimat mərasimi, 2 elmi-populyar tədbirin keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü il ərzində “Dədə Qorqud” jurnalının I, II və III saylarına və “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının I sayına DOİ indeksi alınıb.

Hesabatda institut əməkdaşlarının elmin populyarlaşdırılması istiqamətində fəaliyyətindən və elmmetrik bazalardakı göstəricilərindən də bəhs olunub. Scopus və Web of Science bazalarında institutun 17 əməkdaşının təmsil olunduğu vurğulanıb.

Hesabat dinlənildikdən sonra Şura üzvlərindən institutun Mifologiya şöbəsinin müdiri, fil.e.d., prof. Seyfəddin Rzasoy, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.e.d., dos. Mətanət Abbasova çıxış edərək cari il üzrə olan hesabatı qənaətbəxş hesab edib, Folklor İnstitutu kollektivinin gələcəkdə qarşıya qoyulan məsələlərin həllində inamla çalışacağına əminliklərini ifadə ediblər.

Daha sonra iclasda müşahidəçi qismində iştirak edən AMEA-nın müxbir üzvü, sən.e.d., prof. Ərtegin Salamzadə və AMEA-nın Humanitar Elmlər Bölməsinin katibi, fil.ü.f.d. Arzu Məmmədxanlı Folklor İnstitutunun 2024-cü il üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndiriblər.

İnstitutun 2024-cü il üzrə elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatı qənaətbəxş sayılaraq yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: