Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2024 11:42
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun şöbələrinin illik hesabatı dinlənilib

Coğrafiya İnstitutunun şöbələrinin illik hesabatı dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasında  Demoqrafiya və əhali coğrafiyası şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.

Şöbə müdiri Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov cari ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə “Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi barədə danışıb. O bildirib ki, hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisi təşkil edir ki, bunlar da məcburi köçkünlərdən ibarətdir. Rayonun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur. 1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və bu kəndlərdə 71,9 min nəfər əhali var idi. Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur.

XX əsrin 90-cı illərindən  başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam etmiş, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləmişdir. Bu gün üçün rayonun əhali artımı çox aşağı səviyyədədir.

Hazırda Şərqi Zəngəzurda qeydiyyatda olan və əhalinin böyük əksəriyyətini təşkil edən  sakinlər məcburi köçkün şəraitində yaşayır. Onların mərhələli şəkildə doğma yerlərinə qaytarılması prosesi gedir. 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır.

Təbii-coğrafi şəraitin ərazinin mənimsənilməsi üçün əlverişliliyi, təbii ehtiyat potensialı, insan resursları ilə təminat imkanları, sosial-iqtisadi və səmərəlilik amilləri, ölkənin milli-strateji maraqları nəzərə alınmaqla, inzibati rayonlarda “şəhər–kənd” funksional əlaqələrinə əsaslanan yeni məskunlaşma sisteminin planlaşdırılaraq həyata keçirilməsinə ehtiyac vardır.

Bildirilib ki, cari ildə şöbə əməkdaşları “Ağdam inzibati rayonu”, “Azərbaycanda  coğrafiya  elminin  nailiyyətləri    prioritet inkişaf istiqamətləri”, “Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşması” monoqrafiyalarının hazırlanmasında yaxından iştirak ediblər. Şöbə tərəfindən “География и этнос тюркского мира” kitabının 3-cü cildi (təkrar olaraq) və 6-11-ci siniflər üçün  Azərbaycan və rus dilində “Atlas” işlənərək çap edilib, “Coğrafiya terminlərinin izahlı lüğəti” və “Coğrafiya” test topluları hazırlanaraq nəşrə təqdim edilib.

200 illik fasilədən sonra Azərbaycanın məşhur səyyahı H.Z.Şirvaninin iki kitabı professor Z.Eminov tərəfindən hazırlanaraq nəşr edilib.

Şöbə müdiri elmi işçilərin  layihə və qrantlarda, konfrans və seminarlarda iştirakı, şöbənin plandan əlavə gördüyün işlər, beynəlxalq əlaqələri, elmlə təhsilin qarşılıqlı əlaqəsi, eləcə də şöbə əməkdaşlarının ayrı-ayrılıqda elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: