“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2024-cü ildə görülmüş işlərin hesabatına həsr olunmuş iclas keçirilib.
AMEA-nın vitse-prezidenti, elmi mərkəzin direktoru akademik Tofiq Nağıyev iclası giriş sözü ilə açaraq ensiklopediyadakı işlər haqqında ümumi məlumat verib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov əvvəlcə akademik Tofiq Nağıyevi yenidən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiq olunması ilə əlaqədar AMEA Rəyasət Heyətinin adından təbrik edib.
Akademik Arif Həşimov ensiklopedik nəşrlərin məlumat üçün hamının müraciət və istinad etdiyi mötəbər bir mənbə olduğunu vurğulayaraq, bu baxımdan çoxcildli “Azərbaycan Milli Ensiklopediyası”nın dəyərli bir nəşr olduğunu qeyd edib. O, AMEA Rəyasət Heyətinin 29 noyabr 2024-cü il tarixli iclasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyası haqqında 25 oktyabr 2024-cü il tarixli Fərman və Sərəncamının icrası və onunla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Ensiklopediyası: müasir dünyanın çağırışları, milli maraqlar və qarşıda duran vəzifələr” mövzusunda çıxışı haqqında” və “Heydər Əliyev Ensiklopediyası”nın hazırlıq vəziyyəti haqqında” qərarların qəbul olunduğunu diqqətə çatdırıb.
Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 2024-cü ildə görülmüş işlərin hesabatı üçün direktor müavini, biologiya elmləri doktoru Şaiq İbrahimov çıxış edib. Bildirib ki, hesabat dövründə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi iki əsas istiqamətdə fəaliyyət göstərib. Bunlardan biri “Azərbaycan Milli Ensiklopediyası”nın növbəti cildləri üzərində iş, digəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmasıdır.
2024-cü ildə çoxcildli Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi (“Hindistanda xalq üsyanı” sözündən – “İqdam”sözünədək) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları tərəfindən tam hazır vəziyyətə çatdırılmış və çap olunmaq üçün mətbəəyə təqdim edilmişdir. “Ensiklopediyanın” 12-ci cildi əsasən hazırdır. Belə ki, 2024-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları çoxcildli Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin redaksiya variantını hazırlayaraq, oxunmaq üçün müvafiq humanitar və təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil vermişlər. Bu materiallara daha sonra şef-redaktorlar tərəfindən baxılır, materiallar kompüter mərkəzində üç sütuna düzüləcək və üzərində bədii və texniki tərtibat işləri başa çatdırılacaqdır. Hesabat ili ərzində çoxcildli Azərbaycan Milli Ensiklopediyasının növbəti cildinə daxil edilmək üçün bütün elmi redaksiyaların təqdim etdikləri məqalələrin ümumi sayı 3861 olmuşdur. Hesabat ilində “İ, J, K, Q, L, M” hərfləri üzrə məqalələrin ilkin redaksiya variantları hazırlanaraq Komplektləşdirmə, texniki tərtibat və korrektura şöbəsinə təhvil verilmişdir.
Biologiya elmləri doktoru Şaiq İbrahimov həmçinin qeyd edib ki, 2023-cü ildə Elmi Mərkəz tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilmiş və həmin iclasda təqdim edilən sözlüyün əlavə və düzəlişlərlə təkmilləşdirilməsi üçün müvafiq Komissiya yaradılmışdır. Komissiyanın işi başa çatdıqdan sonra sözlük təsdiq edilmişdir. Bu sözlüyə uyğun olaraq çap ediləcək 800-ə qədər məqalənin ilkin variantı əsasən yazılmışdır. Hazırda bu məqalələr redaktə olunur.
Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Heydər Əliyev Ensiklopediyası” Azərbaycan Milli Elmlər Akademiyası qarşısında xüsusi vəzifə müəyyənləşdirir” sözlərini xatırladan akademik Arif Həşimov ensiklopediyanın Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin elmi prinsiplər əsasında təqdim olunması zərurətini qarşıya qoyduğunu bildirib. Akademik Arif Həşimov akademik İsa Həbibbəylinin bu ensiklopediyanın daha da mükəmməl şəkildə ərsəyə gəlməsi üçün AMEA-nın elmi potensialının səfərbər olması istiqamətində çoxşaxəli fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb.
Sonda akademik Arif Həşimov “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünə aid AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin səsləndirdiyi yeni təkliflərinin və təqdim olunacaq əlavələrinin nəzərə alınmasını tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.