Dekabrın 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “COP29-da Heydər Əliyev imzası və gender dividendləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevə və COP29-a həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq bu gün müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını bildirib. Qeyd edib ki, bu dövr bütün digər xüsusiyyətləri ilə yanaşı, qarşıya xalqın rifahı və sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq kimi bir ciddi hədəfin qoyulması ilə də xarakterikdir.
Akademik İradə Hüseynova cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunun və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin bariz nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, COP29-un Bakıda uğurla keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun, həmçinin Azərbaycanın qlobal siyasi arenada özünü etibarlı tərəfdaş, birləşdirici güc, ideya və idrak mərkəzi kimi sübut etməsinin təsdiqinin nəticəsidir.
“Ümummilli Lider Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyası və suverən Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri” mövzusunda məruzəsini təqdim edən alim vurğulayıb ki, COP29-un yüksək səviyyədə baş tutması və burada qəbul edilmiş qərarlar, həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji təhlükəsizlik konsepsiyanın təntənəsi hesab edilə bilər.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycanda elmi əsaslı ekoloji fikrin inkişafının əsasında, ilk növbədə, akademik Həsən Əliyevin, daha sonra akademiklər Budaq Budaqovun, Cəlal Əliyevin, Musa Musayevin, Qərib Məmmədovun və digər alimlərin əsərləri durmuşdur. Onların qaldırdığı problemlər və irəli sürdükləri həll yolları Ulu Öndər Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyasının konturlarının müəyyən edilməsində önəmli rol oynamışdır.
Onun sözlərinə görə, 1969-1982-ci illərdə Ümummilli Liderin təşəbbüsü ilə ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdur. 1969-cu ildən qorunan təbiət ərazilərinin sayının artırılması və sahələrinin genişləndirilməsi də xüsusilə intensivləşmişdir.
“1950-60-cı illər ərzində Bakı şəhərində adambaşına düşən yaşıl sahəni yalnız 6,5 kvadratmetrə çatdırmaq mümkün olmuşdusa, Ulu Öndərin təşəbbüsu ilə 7 sentyabr 1971-ci ildə Bakı şəhərinin yaşıllaşdırılması haqqında verilmiş, bu mühüm qərar sayəsində 1975-ci ildə bu göstərici 17,5 kvadratmetr olmuşdur”, - deyə akademik İradə Hüseynova qeyd edib.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan müstəqillik qazanandan sonra Ümummilli Liderin ilk addımlarından biri “Yaşıl dünya” məfkurəsinin yenidən ön plana çıxarılması olmuşdur. Azərbaycan Respublikası ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq sənədlərə, konvensiyalara, onların protokollarına qoşulmuş, beynəlxalq öhdəliklər də nəzərə alınmaqla ölkə qanunvericiliyi təkmilləşdirilmişdir.
Ulu Öndərin ekoloji təhlükəsizlik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyən akademik İradə Hüseynova Azərbaycanda eko- və biotəhlükəsizlik istiqamətində inanılmaz dərəcədə böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən nadir növlərin bərpası, kütləvi ağacəkmə aksiyaları, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”lar və fəaliyyət planları, 2010-cu ilin “Ekologiya ili” elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması ekologiyanın sağlamlaşdırılması istiqamətində görülən işlərə nümunələrdir. Bütün bu proseslərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu və xidmətləri də xüsusi qeyd edilməlidir.
Akademik İradə Hüseynova əlavə edib ki, Ulu Öndərin bütün dünya üçün faydalı nümunə sayıla biləcək ekoloji təhlükəsizlik konsepsiyasının əsas müddəaları COP29 müddətində keçirilən əksər tədbirlərdə müzakirələrin mövzuları sırasında olmuşdur. Qarşıya qoyulan məqsədlərdə iqlim dəyişikliklərinə qarşı mübarizə ilə yanaşı, bu dəyişikliklərin əhali və biomüxtəlifliyin həssas qruplarına təsirinin, fəsadlarının aradan qaldırılması və ya azaldılması məsələləri geniş şəkildə əhatə edilmişdir. Həmçinin gender və iqlim problemlərinə elmi əsas və ədalət prizmasından yanaşma respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevin ekoloji təhlükəsizlik konsepsiyasının əsas istiqamətlərindən olmuşdur. Böyük şəxsiyyətin irəli sürdüyü prinsiplər Azərbaycanın iqlimə dayanıqlı gələcək üçün hədəfləri sırasında mühüm yer tutur.
Vitse-prezident həm yerli, həm də qlobal miqyasda elm tərəfindən ekoloji, ərzaq və bioloji təhlükəsizliyə müasir yanaşmaların tətbiqinin AMEA Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olduğunu söyləyib. Çıxışının sonunda akademik İradə Hüseynova Azərbaycanın yaşıl dünya və sağlam ətraf mühit hədəflərinin təkcə xalqımızın deyil, dünyanın da gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadənin “Xanım Mehriban Əliyevanın COP29-da sülh, barış, “yaşıl mədəniyyət” çağırışları”, AMEA Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyevanın “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti”, Folklor İnstitutunun Qadınlar Şurasının sədr müavini fil.ü.f.d., dosent Aynur İbrahimovanın “Ekoloji düşüncə və mifik başlanğıc” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.