Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən danışıb.
Həyata keçirdiyi böyük işlərlə adını tarixə yazdıran görkəmli şəxsiyyətlərin xatirəsinin Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmətlə anıldığını söyləyən muzeyin direktoru Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olduğunu, müasir müstəqil Azərbaycanın isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildiyini vurğulayıb.
“Heydər Əliyevin əbədi ömrünün artıq birinci əsri başa çatıb, ikinci əsri davam edir. Düşünürəm ki, bu görkəmli şəxsiyyətin əsl portretini gələcək zaman daha dəqiqliyi və bütün çalarları ilə bizə təqdim edəcək”, - deyə bildirən akademik Rafael Hüseynov qeyd edib ki, zaman keçdikcə insanlarımız Ulu Öndəri daha yaxşı tanıyacaq, onun əvəzsiz xidmətlərinin mənasını daha dərin dərk edəcəklər.
O, Heydər Əliyevin müstəqilliyimizin yalnız XX əsr içərisində deyil, bütün gələcək boyu yaşamasının əsas memarı olduğunu bildirib.
Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndər 1992-ci ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra dövlətimizin müstəqilliyi çox böyük təhlükələr qarşısındaydı. Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.
O, zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin həm də SSRİ-nin Ali rəhbərliyində əsas simalardan biri olduğunu söyləyib. Bu səbəbdən də Ümummilli Liderin hadisələrin mahiyyətini içəridən bildiyini, cəmiyyəti, sovet quruluşunun qanunlarını yaxşı tanıdığını və ona ən üst qatdan baxmaq imkanına malik olduğunu bildirib.
Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı yenidən qurduğunu söyləyən akademik Rafael Hüseynov müstəqilliyimizin günbəgün, ilbəil daha da möhkəmləndiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illər onun daha da yenilməz, sarsılmaz, əbədi və dönməz olmasına təməl yaratdı. Cari ilin oktyabr ayında xalqımız böyük sevinc və təntənə ilə dövlət müstəqilliyimizin bərpasının 33 ilini qeyd etdi. Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi ənənələri qoruyaraq bu müstəqilliyi peşəkarlıqla davam etdirdi və ən yüksək səviyyəyə çatdırdı.
Akademik Rafael Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. O, Ümummilli Liderin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı layiqincə doğruldaraq bütün dünyaya güclü Azərbaycan modelini təqdim etdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, xalqın arzularını gerçəkləşdirərək torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır.
Əldə etdiyimiz nailiyyətlərin, uğurların məhz Heydər Əliyev dühasının, onun müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələri olduğunu deyən muzeyin direktoru dahi şəxsiyyətin adının Azərbaycan insanının hafizəsində hər zaman yaşayacağını vurğulayıb. O, Ulu Öndərin 90-cı illərin sonlarında verdiyi müsahibələrinin birində səsləndirdiyi “Mən Azərbaycanda həmişə olacağam”, - ifadəsini xatırladaraq qeyd edib ki, illər ötdükcə Heydər Əliyevin zamana və məkana sığmayan nəhəngliyi daha qabarıq şəkildə özünü göstərir.
Tədbirdə digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışıb, Ulu Öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.