Təsdiq olunmuşdur ki, sosial elmlər faşizmi qrup psixologiyasının ən təhlükəli halıdır. Onu da qeyd etməliyəm ki, erməni faşizmi psixoloji proses olub. Ermənilərin türkə olan nifrət psixologiyası 1905-1907-ci və 1918-ci illərdə də davam etmişdir. Mart soyqırımı olaraq tarixə keçən 1918-ci il hadisələrində hədsiz sayda insan erməni zülmünün qurbanı olmuşdur. Qaniçən qatil Andranik özü öz qeydlərində tükürpədici insan qətliamını belə təsvir edir: "Mən heç bir şeyin fərqində olmadan bütün Basarkeçər türklərini məhv etdim. Amma güllələrdən istifadə etmirdim, heyfim gəlirdi, bu insanları məhv etməyin ən asan yolu hamısını quyulara doldurub, üzərlərini daşlarla örtmək idi. Mən də elə etdim, bütün qadın, kişi və uşaqları quyulara atdırıb, ağızlarını daşlarla örtərək onları ölümlə üz-üzə qoydum".
1990-cı il yanvar faciəsinə aparan yolda azərbaycanlıların tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə 1987-ci ildən başlayıb. Yanvar ayında erməni terrorçuları tərəfindən Əsgəran–Ağdam yolunda körpü, Şuşa şəhərini su ilə təmin edən boru kəməri, Ağdam şəhərində avtovağzal binası partladılmışdı. 19 yanvar tarixində Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir, lakin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvanda Şada, Yuxarı Yaycı, Havuş, Günnüt və Batabat hücuma məruz qalır, Sədərək rayonunda 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Naxçıvan MSSR-in Kərki kəndi Ermənistan SSR-də yerləşən 7-ci sovet ordusunun hərbçiləri tərəfindən işğal edilərək ermənilərə təhvil verildi.
Bakı və Gəncə şəhərlərində, digər yaşayış məntəqələrində ictimai siyasi vəziyyət daha da ağırlaşır, hakimiyyətsizlik hökm sürən respublikaya Ermənistan tərəfdən silahlı hücum güclənir. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman versə də, fövqəladə vəziyyət rejiminin qüvvəyə mindiyi vaxt xalqa bildirilmədi. Axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladıldığından hücum barədə ictimaiyyətə məlumat çatdırılmadı. Təcavüzkarlıq aksiyası nəticəsində Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmış, xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakı zəbt edilmiş, dinc əhaliyə divan tutulmuşdu. Məqsəd Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsini boğmaq idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, gözyaşardıcı qaz tətbiq olunaraq, hərbi texnika piketçilərin qurduğu maneələri əzib keçir, yaralıları süngüləyir, dinc sakinlərlə dolu avtobuslar gülləbaran edilir, əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulur. Şəhərə beş istiqamətdən ordu yeridilmişdi. Tanklar Salyan kazarması tərəfdən hücuma keçir, sonra köhnə avtovağzal, "20 Yanvar" meydanı, keçmiş "Kimyaçılar Evi"-nin yanı ilə metronun Elmlər Akademiyası stansiyasının qarşısına irəliləyir. Qoşunlar Biləcəri yolunda qurulan barrikadanı uçuraraq Bakıya daxil olur. İnsanların çoxu metroya tərəf qaçır ki, keçidə girsin, lakin sovet qoşun hissələri buna imkan vermir, insanlar gülləbaran edilir. Bu qanlı terror nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Bu, sözün həqiqi mənasında, “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi.
Yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi. Azərbaycanlıların yaşadıqları 154 yaşayış məntəqəsi aramsız basqınlara məruz qalmışdı.
Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Ümummilli lider Heydər Əliyev xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gəlib brifinq keçirir və Qanlı Yanvar cinayətinin günahkarlarını, SSRİ rəhbərliyini ittiham edir.
Heydər Əliyevin brifinqdə çıxışı və Kreml rəhbərliyini ittiham etməsi bütün dünyada sensasiya doğurdu. Onun ittiham nitqi qan içində boğulan Qorbaçov “yenidənqurması” üçün rekviyem oldu. Həmin gün bütün xarici radiosəslər Əliyevdən sitatlar gətirirdi, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün Əliyevi mühasirəyə almışdılar.
Bu hadisəni Adilə xanım Abbasova belə nəql edir: “... 1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciədən xəbər tutan kimi biz dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına getməyi qərara aldıq. Yanvarın 21-də yəqin ki, Moskvada yaşayan bütün azərbaycanlılar daimi nümayəndəliyin qarşısına gəlmişdilər. Çoxlu adam var idi. Elə həmin vaxt mən Mixail Qorbaçov tərəfindən sanksiyalaşdırılan insanlığa zidd aksiyaya qarşı hiddət və etirazını bildirmək üçün daimi nümayəndəliyə gələn Heydər Əliyevi ikinci dəfə gördüm. O, bizim qarşımızda çıxış etdi. Onun yaxınlığında durmuşdum. Kəskin danışırdı, bildirdi ki, mərkəz Azərbaycana hərbi təcavüz etmişdir. O, heç kimdən və heç nədən çəkinməyərək danışırdı”. Xalq onu çox yaxşı, mehriban qarşıladı. Sonra o, binaya keçdi, biz isə onun cəsarətindən ürəklənib əvvəlcə SİTA-nın binası qarşısına, oradan isə mərkəzi televiziyaya gedib bəyanatı ötürmək və efirdən səslənməsini tələb etmək qərarına gəldik. Hava çox soyuq idi, haradasa 18-20 dərəcə şaxta vardı. Bax, o vaxt mən başa düşdüm ki, dərd insanları necə birləşdirir. Şaxtaya, yolların buz bağlamasına fikir verməyərək, insanlar əl-ələ tutub gedirdilər-bir-birini tanıyan və tanımayanlar da, qocalar və cavanlar da – hamı hakimiyyətə öz ağrı və hiddətini bildirmək üçün gedirdi.
2002-ci il 5 yanvar tarixində 20 Yanvar faciəsinin on ikinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından: “XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət idi. SSRİ-nin başqa regionlarında, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə sovet hərb sisteminin törətdiyi qanlı hadisələr müxtəlif səviyyələrdə, o cümlədən SSRİ xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu surətdə təhrif olunur və unutdurulurdu”.
Ümummilli lider Heydər Əliyev tərəfindən Milli Məclisdə 20 Yanvar faciəsinə qiymət verilməsi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə yaradılması qərarı qəbul olunmuş, “Əbədi məşəl” abidə kompleksinin yaradılması 1994-cü ildə irəli sürülüb. Həmin ilin martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir.
Ulu öndər Heydər Əliyev 1995-ci ildə Rüstəm Mustafayev adına, Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qanlı Yanvar” rəssamlıq sərgisinin açılışında çıxışında haqlı olaraq qeyd edirdi: “Xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatmışdır. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi”.
1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Prezident İlham Əliyev vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.
Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Cənab Prezident İlham Əliyev tərəfindən Sərəncama əsasən, 2010-cu ildə Bakının Yasamal rayonununda “20 Yanvar abidə-kompleksi”nin açılışı olmuşdur. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.
İllər keçir, bizi Qarabağımıza qovuşduran payız günlərinin hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, İlham Əliyev yazdı. İlham Əliyev sarsılmaz iradəsi, qətiyyəti sayəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.
Ali Baş Komandan İlham Əliyev tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı. Memarı İlham Əliyev olan bu böyük əsər millətimiz və dövlətimiz mövcud olduqca qalacaq.
Azərbaycan son 200 il ərzində ilk dəfə olaraq İlham Əliyevin qüdrəti sayəsində qələbə qazanaraq tarixə düşdü. İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın hərb tarixində bir ad daim yaşayacaq: Qətiyyətli lider, qüdrətli sərkərdə, fenomenal şəxsiyyət, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.