Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

20  Yanvar - müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi
17.01.2025 14:32
  • A-
  • A
  • A+

20 Yanvar - müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 20 Yanvar Hüzn Günüdür.

Azərbaycan xalqının milli yaddaşına  “Qanlı Yanvar” faciəsi kimi həkk olunan o dəhşətli yanvar gecəsindən bizi tam 35 il ayırır.

1990-cı ilin 19 yanvar gecəsi sovet imperiyası Azərbaycana qoşun yeritdi. Həmin gecə törədilən faciə, hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq.

20 yanvar faciəsi xalqımızın yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazıldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda amansızcasına silahsız insanları qətlə yetirmiş, ölümcül yaralamışlar. Azərbaycanımızı müstəqilliyə azadlığa istiqlaliyyətə aparan yol 20 yanvar şəhidlərinin qanı ilə aydınlığa qovuşdu. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir Azərbaycanlını qürurlandırır.

Hər kəsə nəsib olmayan Müqəddəslik Zirvəsinə ucalan, yurdun azadlıq salnaməsini qanı ilə yazıb, canı ilə qazanan qəhrəmanlar sayəsində torpaq Vətəndir. Bu Vətən, bu Xalq heç zaman uğrunda canından keçən Şəhidlərini unutmayıb, unutmur, unutmayacaq.

Şəhidlərimizin xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulur, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad edirlər. Bu yerdə Ümummilli liderimiz Heydər Əliyevin dəyərli fikirlərini yada salmamaq mümkün deyil: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damlasında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Azərbaycan xalqının və 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür.

Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Uca Yaradanın dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Vətənin qorunması, müdafiəsi uğrunda canından-qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixində 20 Yanvar faciəsi həm də mübarizlik, qəhrəmanlıq tarixi kimi xatırlanacaq. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Röksanə SƏFƏRZADƏ, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: