Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2016 09:53
  • A-
  • A
  • A+

Fələstinin ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanada məruzə ilə çıxış edib

Fələstinin ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanada məruzə ilə çıxış edib

Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əbdül Nasir Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fələstin problemi və Yaxın Şərqdə sülhün perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XX əsr Fələstin tarixi, İsrail-Fələstin münaqişəsi ilə bağlı ətraflı məlumat verilib. Fələstinin işğalının müasir bəşər tarixinin ən uzunmüddətli işğalı hesab olunduğunu söyləyən səfir bununla bağlı tarixi faktları diqqətə çatdırıb.

Məruzəçi İsrail dövlətinin yaranması prosesinin tarixi kökləri barədə məlumat verərək, bu prosesin 1897-ci ildə Tedor Herzlin İsveçrədə I Dünya Sionist qurultayını çağırması və başda İngiltərə olmaqla, Qərb ölkələrinin Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılmasını dəstəkləməsiylə həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində Avropada nasistlərdən qaçan minlərlə yəhudi Fələstinə köçürülüb. 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövlətinin yaradılması ilə bağlı qərarına əsasən, Fələstin torpaqlarının 56 faizinin Yəhudi xalqına, 44 faizinin isə Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlənib. 1988-ci ilin 5 noyabrında Fələstin Milli Şurası müstəqil Fələstin dövlətini elan edib.

Tədbirdə, həmçinin Azərbaycan və Fələstin arasında elm, təhsil, mədəniyyət sahələrində fəal əməkdaşlığın olduğu vurğulanıb, hər iki ölkənin oxşar xüsusiyyətlərinə toxunulub.

Sonda səfir Nasir Kərim iştirakçıları maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: