AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Elmi şuranın növbəti iclası keçirilib.
Əvvəlcə Şəki REM-in baş direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
O, gündəlikdəki ilk məsələ - “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsinin ilkin variantına əlavələr haqqında məlumat verib. Direktor Şəki REM-in 2025-2030-cu illərə dair elmi-təşkilati fəaliyyəti və elm sahələri üzrə Yol Xəritəsinin 6 bənddən ibarət əlavələrlə təkliflərini səsləndirib, təkliflər təsdiqləndikdən sonra AMEA-nın Elm və təhsil şöbəsinə göndərilməsi qərara alınıb.
Yusif Şükürlü Yol Xəritəsinin “Baramaçılıq və ipəkçilikdə innovativ üsul və vasitələrdən istifadə etməklə klasterləşmənin tədqiqi üzrə tədqiqatların genişləndirilməsi” bəndi üzrə fəaliyyətin yerinə yetirilməsinin təmin olunması məqsədilə təcrübə sahəsində vəhşi ipəkqurdunun yetişdirilməsi üçün müasir kümxananın inşa edilməsi zərurətinin olduğunu qeyd edib. Bu məqsədlə aidiyyatı qurumlara müraciətin göndərilməsi barədə qərar qəbul edilib.
Gündəlikdəki ikinci məsələ - “Şəki REM-in Mühasibatlıq şöbəsinin 2024-cü ilin yekunlarına dair” baş mühasib Uğur Süleymanov hesabat verib.
İclasda, həmçinin “Şəki REM-in 2025-ci il üzrə elmi-tədqiqatlarına dair iş planları” təsdiqlənib.
Gündəlikdəki növbəti məsələ - “AMEA-nın 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planının hazırlanması üçün Təşkilat Komitəsinin yaradılmasına dair” elmi katib Vəfa Atayeva məlumat verib. O, Elmi şura üzvlərini Təşkilat Komitəsinin tərkibi ilə tanış edib, 16 nəfərdən ibarət heyətin tərkibi səsə qoyularaq təsdiqlənib.
Cari məsələlərdə Şəki REM-in “Xəbərlər məcmuəsi” adlı elmi jurnalın redaksiya heyəti təsdiq edilib, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov və Aydın Məmmədovun həmmüəllifi olduqları “Hacı Çələbi xan”, eləcə də Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinovun “Söz ilmələri (elmi-publisistik məqalələr, şeirlər)” kitablarının nəşr edilməsi ilə bağlı qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.