Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.02.2025 13:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib

Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib.

Öncə mərhum alimimiz, Əlyazmalar İnstitutunun Elmi şurasının üzvü, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi fil.e.d., dosent Nəzakət Məmmədlinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iclas öz işinə başlayıb.

İnstitutun direktoru akademik Teymur Kərimli iclası giriş nitqi ilə açaraq sözü elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib. A.Hacıqədirli iclasın gündəliyinə əsasən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinini iştirakçılara təqdim edib. Yeni təyinata əsasən sözügedən vəzifəyə institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov seçilib.

İclasda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının nümayəndələri - Elm və təhsil şöbəsinin müdiri fil.e.d., dosent Sərxan Xavəri və İnsan resursları şöbəsinin müdiri fil.ü.f.d. Aynur Mahmud, o cümlədən Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov çıxışlarında Ə.Bağırovu yeni təyinat münasibətilə təbrik edib, ona səmimi arzularını çatdırıblar.

Daha sonra elmi katib Əlyazmalar İnstitutunda Elmi şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, şöbələr üzrə elmmetrik bazanın hazırlanması, ərəbdilli və farsdilli kataloqların təhvil verilməsi, “Əlyazmalar yanmır” jurnalının redaksiya heyətinin müəyyənləşməsi və korrektorların təyin edilməsi ilə bağlı müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. İnstitutun Əlyazmaların elektron resursları şöbəsinin müdiri Sevinc Həzrətquliyeva və Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova şöbələrdə İRBİS proqramı üzrə kataloqların yığılması və kadr məsələləri ilə bağlı müvafiq çıxışlarını edib, fikir və təkliflərini səsləndiriblər.

İclasda cari məsələlərə də baxılıb. Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.       

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: