AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Kayum Nasirinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki seminar keçirilib.
Seminarda institutun əməkdaşları ilə yanaşı, Kayum Nasiri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və əməkdaşları iştirak ediblər.
İclası AMEA-nın Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq iştirakçıları salamlayıb.
Tədbirin moderatoru Güllü Yoloğlu bildirib ki, 1825-ci il fevralın 14-də görkəmli tatar etnoqrafı, folklorşünası, tarixçisi, dilçisi, yazıçısı, tərcüməçisi, maarifçisi Kayum Nasiri anadan olub.
Sonra Kayum Nasirinin həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub.
Tədbrin təşkilinə görə filologiya elmlər doktoru, professor Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası əlaqələr İnstitutunun direktoru, “Ümumi dilçilik və türkologiya” kafedrasının müdiri, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, Tatarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının Rusiya Müəlliflər Cəmiyyətinin Doğma dillər və mədəniyyətlər Mərkəzinin rəhbəri Rədif Camaləddinov təşkilatçılara təşəkkürlərini çatdırıb.
Kayum Nasiri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və metodisti Elmira Yusifova “Kayum Nasirinin elmi yaradıcılığında tatar xalqının etnoqrafiyası”, Tarix və Etnologiya İnstitutunun Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu “Azərbaycanın mədəni həyatında tatar ziyalılarının rolu”, tarix üzrə fəlsəfə doktoru,dosent Aypara Rüstəmova “Azərbaycan-tatar əlaqələri və Azərbaycan tatarlarının Qarabağ müharibəsində iştirakı” adlı məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.