Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2025 14:28
  • A-
  • A
  • A+

“Səmaya açılan yol: Tusi irsi” adlı tədbir keçirilib

“Səmaya açılan yol: Tusi irsi” adlı tədbir keçirilib

Azərbaycanlı alim, filosof, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin anadan olmasının 824-cü ili münasibətilə Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Bakı şəhər Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Səmaya açılan yol: Tusi irsi” adlı tədbir keçirilib.

Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova tədbiri giriş sözü ilə açaraq dahi alim Nəsirəddin Tusinin elmi irsinin əhəmiyyətindən danışıb. O, Tusinin astronomiya, riyaziyyat və fəlsəfə sahələrində dünya elminə verdiyi töhfələri vurğulayaraq, onun adını daşıyan Şamaxı Astrofizika Rəsədxanasının bu irsi layiqincə təbliğ etdiyini qeyd edib.

Açılış hissəssindən sonra “Zamanın əngəlliklərindən gələn dahi” adlı video-çarxın nümayiş edilməsinin ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi sessiyada Rəsədxananın böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm və Gənc Alim və Mütəxəssislər Şurasının məsul katibi Lalə Səlimzadə müvafiq olaraq “Tusi və astronomiya: Elmə maxış və təsiri”, “Tusi və əxlaqi fəlsəfənin cəmiyyətə təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Nəsirəddin Tusinin elm və yaradıcılığı ilə bağlı astro-sərgidə şagirdlər tərəfindən hazırlanmış rəsmlər və maketlər nümayiş etdirilib. Sərgi çərçivəsində təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlərə xüsusi sertifikatlar təqdim edilib. Eyni zamanda, məktəbin direktoru Xəyalə Veyisova və tədbirin təşkilati hissəsinə dəstək göstərən məktəbin Fizika müəllimi Tünzalə Rəsulova və Coğrafiya müəllimi İlahə Sadıqova astronomiyanın təbliği və təşviqinə verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: