Məlum olduğu kimi, 17-18 fevral tarixlərində İran İslam Respublikasının Tehran şəhərində III Xəzər İqtisadi Forumu keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak ediblər.
AMEA nümayəndələri forum çərçivəsində keçirilən “Xəzəryanı ölkələrin ticarət, sənaye və kənd təsərrüfatı əməkdaşlığının inkişaf perspektivləri: imkanlar və çağırışlar” və “Xəzəryanı ölkələrin ekoloji, səhiyyə və turizm sahəsində əməkdaşlığı” mövzusunda sessiyalarda iştirak ediblər.
Həmçinin forumun “Xəzəryanı ölkələrin elmi və texnoloji əməkdaşlığı” mövzusunda sessiyasında akademik Gövhər Baxşəliyeva çıxış edərək bir sıra təkliflərini səsləndirib.
Qeyd edək ki, III Xəzər İqtisadi Forumunda bir sıra mühüm məsələlərə toxunulub, Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılmasının zəruri olduğu bildirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.