Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2025 16:45
  • A-
  • A
  • A+

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” üçcildliyinin təqdimat mərasimi keçirilib

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” üçcildliyinin təqdimat mərasimi keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı üçcildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,f.e.d., professor İlham Məmmədzadə açaraq III cildiyinin əlavələrlə təkrar nəşrinin çapı ilə bağlı müəllifi təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb. Bildirib ki, bu uğur həm də eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunundur.

İ.Məmmədzadə qeyd edib ki, üç cildlik kitab olduqca böyük zəhmət hesabına başa gəlib, bu kitablarda maraqlı və yeni məqamlar çoxdur, burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir və müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix üzrə elmlər doktoru Eynulla Mədətli öz çıxışında müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma olduğunu, bu mənada kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin institutda meydana çıxmasının vacib amil olduğunu qeyd edib. Müəllif 3 cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilmişdir. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu əsərdə filosof Azərbayan-türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş, uğurlu tədqiqat aparmışdır. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim etmişdir. 

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin üçcildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək, türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki dövlət başçısı Prezident İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, türk ailəsindən bəhs edir. Ona görə də, institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur. 

Məruzəçilərdən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d., dosent Şölət Zeynalov, tarix elmləri doktoru, dosent Vaqif Abışov, ADNSU THİK Kitab Klubunun sədr müavini Azər Bədəlov, f.ü.f.d., dosent Aygün Xəlilqızı, f.ü.f.d., dosent Zeynəddin Şabanov, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərov və digər iştirakçılar müəllifi təbrik edərək, kitab haqqında fikir və mülahizələrini bölüşüblər. 

Sonda müəllif Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib. O deyib ki, bu üçcildliyi ərsəyə gətirməkdə əsas məqsədi Azərbaycan xalqının mədəni-fəlsəfi, tarixi bütövlüyünü, türk xalqlarının həmrəyliyini ifadə etmək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: