Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2025 17:15
  • A-
  • A
  • A+

Folklor İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Elmi sessiya keçirilib

Folklor İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Elmi sessiya keçirilib

AMEA-nın Folklor İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Folklorun dili, dilin folkloru: şifahi ənənə və rəqəmsal transformasiyalar” mövzusunda Elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev açaraq Azərbaycan dilinin qorunması, hərtərəfli şəkildə inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. O vurğulayıb ki, hazırda ölkəmizdə dövlət dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə və uğurla həyata keçirilməkdədir. Dövlət başçısı tərəfindən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, elektron məkanda dilimizin daha geniş istifadəsinin təmin edilməsi, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qəbul edilmiş müvafiq Fərman, Dövlət proqramları və sərəncamlar bu istiqamətdə atılan ən mühüm addımlardandır.

Sonra Elmi sessiyanın məruzələri dinlənilib. İnstitutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova “Dilimizin mayası – Azərbaycan folkloru” mövzusunda məruzə edib. Məruzədə bildirib ki, Azərbaycan folkloru xalqımızın minillik təcrübəsini, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirən möhtəşəm xəzinədir. Bu xəzinə nəsildən-nəslə ötürülərək dilimizin saflığını və təbiiliyini qoruyub saxlamışdır. Bu örnəklər vasitəsilə xalqımızın müdrikliyi, həyat fəlsəfəsi və mənəvi dəyərləri dilimizin imkanları daxilində ən gözəl şəkildə ifadə olunmuş, xalqımızın milli kimlik sənədinə çevrilmişdir.

Xalq yaradıcılığı ana dilimizin lüğət tərkibinin zənginləşməsinə, ifadə imkanlarının genişlənməsinə, üslubi çalarların artmasına və canlı xalq dilinin qorunmasına kömək edir”, – deyə X.Kərimova çıxışında vurğulayıb.

Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Ana dilimiz mənəvi sərvətimizdir” mövzusunda məruzəsində qeyd edib ki, ana dilimizin tarixi mahiyyəti və əhəmiyyəti elm, söz-sənət adamlarını daim düşündürmüş, onun qorunması, təbliği və gələcək nəsillərə çatdırılması hər kəsi mənəvi cəhətdən səfərbər etmişdir. Tarixindən, qədimliyindən, coğrafi-siyasi mövqeyindən, qoynuna sığındığı təbiətindən asılı olmayaraq hər bir xalq folklor nümunələrini ana dilində yaradır. Şübhəsiz ki, hər bir ərazinin, xalqın ən qədim tarixi barədə ilkin bilgilər həm də onun mifik təfəkküründə, bu təfəkkürün əyani sübutu olan mətnlərdə, rəvayətlərdə, xatirə və əhvalatlarda, nağıl, dastan və bayatılarda bir sözlə, onun folklorunda da yer alaraq milli sərvətə çevrilmişdir.

Daha sonra institutun direktoru dosent Hikmət Quliyev “Rəqəmsal transformasiyaların Azərbaycan dilinə təsiri virtual folklor yaradıcılığı kontekstində” mövzusunda çıxış edib. Alim qeyd edib ki, İnternetin interaktiv ünsiyyət imkanları hesabına virtual mühit folklor yaradıcılığı proseslərinin meydana gəldiyi məkana çevrilib. Lakin İnternetin anonimlik imkanı, eləcə də rəqəmsal-texnoloji təbiəti bu platformanı ənənəvi sosial-mədəni mühitdən fərqləndirir. Bu isə sosio-psixoloji faktorın təsiri ilə spesifik folklorik effektlərin və linqvistik təzahürlərin ortaya çıxmasına şərait yaradır.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dos. Afaq Ramazanova, aparıcı elmi işçilər – fil.ü.f.d., dos. Elçin Qaliboğlu, fil.ü.f.d., dos. Nail Qurbanov və fil.ü.f.d., dos. Atif İslamzadə çıxış edərək dilimizə göstərilən dövlət qayğısından, dilimizin zənginləşməsində folklorun rolu, folklor dilinin fundamental şəkildə öyrənilməsi, qloballaşmanın və virtuallaşmanın ədəbi dilimizə təsiri kimi məsələlərdən danışıblar.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: