AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” adlı anım tədbiri keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli açıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdiyini və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğunu qeyd edib. O, “Xocalının tarixi əhəmiyyəti” adlı məruzə ilə çıxış edərək son iki yüz il ərzində erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirmələrinə baxmayaraq Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali baş komandan ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində haqq-ədalətin nəhayət bərqərar olduğunu vurğulayıb.
Tədbir məruzələrin dinlənilməsi ilə öz işinə davam edib.
Əlyazmaların elektron resursları şöbəsinin əməkdaşları - böyük laborant Türkan Süleymanova “Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi”, mütəxəssis Səbinə Paşayeva “Xocalı soyqırımı şahidlərin gözü ilə”, baş mütəxəssis Vüqar Hacıyev “Xocalı soyqırımı – erməni terrorizminin tərkib hissəsi” mövzularında məruzə edib, çıxışlarında tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs ediblər.
Daha sonra İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix e.d. Tahirə Həsənzadə məruzə ətrafında çıxış edib, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, o cümlədən Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib.
Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Xocalı soyqırımı” mövzusunda kitab sərgisi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.