Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2025 18:45
  • A-
  • A
  • A+

Tarixin qanlı səhifəsi - Xocalı soyqırımı

Tarixin qanlı səhifəsi - Xocalı soyqırımı

AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri olduğunu söyləyib, qeyd edib ki, xalqımız baş verənləri heç vaxt unutmur. Bu günlərdə Xocalı qətliamını törədənlərdən və iştirakçılardan bəzilərinin Bakıda, Azərbaycan məhkəməsində mühakimə edildiyinə diqqəti çəkən İ. Niftəliyev vurğulayıb ki,  ötən illər ərzində, Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması  istiqamətində xeyli iş görülüb, kitablar, məqalələr çap olunub, sənədli filmlər çəkilib, respublika və beynəlxalq səviyyəli tədbirlər təşkil edilib,  bir sözlə, geniş təbliğat işləri həyata keçirilib. Bu gün isə Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub.

Tədbirdə Xocalı faciəsinin canlı şahidi olmuş Qarabağ müharibəsi veteranları təyyarəçilər Bayram Muxtarov və Nail Bektemirov iştirak edib. Onlar bildiriblər ki, Xocalıda gördükləri ağlasığmaz dəhşətləri xatırlamaq belə çox ağrılıdır, həmin hadisələr yaddaşlarına dəhşətli günlər günlər kimi həkk olub.

Tədbirdə Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, t.ü.f.d., dosent Ədalət Mustafayev “XX əsrin ən böyük cinayəti: Xocalı soyqırımı”, böyük elmi işçisi Həlimə Kazımova “Xocalı soyqrımının Rusiya tarixşünaslığında əksi” və kiçik elmi işçi Jalə Rəhimova “Xocalı soyqırımı dünyanın gözü ilə” adlı məruzələrlə çıxış edərək bildiriblər ki, xalqımız 33 ildir ki, bu qanlı Xocalı soyqırımının ağrı-acısını daşıyır. Çıxışlarda qeyd olunub ki, 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə xüsusi amansızlıqla həyata keçirilən Xocalı soyqırımı bəşəriyyət tarixində törədilmiş ən ağır qanlı cinayətlərdən biridir. Həmin gecə 63 uşaq, 106 qadın, 70 yaşlı insan olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib, 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.  Xocalı soyqırımını tarixin qanlı səhifəsi sayan çıxışçılar vurğulayıblar ki, bu gün bir qalib xalq kimi Xocalı soyqırımı qurbanlarını xatirəsini yad edirik və bu gün şəhidlərimizin ruhu şaddır, Xocalı şəhəri də daxil olmaqla, torpaqlarımız işğaldan azad olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: