AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları öncə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda həyatını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.
İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev tədbiri açaraq çıxışında Xocalı faciəsinin XX əsrdə insanlığa qarşı törədilmiş bəşəri cinayətlər sırasında öz qəddarlığına görə xüsusilə fərqləndiyini bildirdi.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıdandan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi, qətliamın dünya miqyasında tanınması istiqamətində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə məqsədyönlü və planlı təbliğat-təşviqat siyasəti aparıldı. Bu kontekstdə Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə Leyla Əliyevanın başçılığı altında “Xocalıya ədalət” beynəlxalq kampaniyasının nail olduğu böyük uğurlar xüsusi qeyd edilməlidir. Görülən işlər nəticəsində 40-dək çox ölkənin parlamentləri tərəfindən Xocalı soyqırımı tanınaraq bəşəriyyətə qarşı cinayət kimi siyasi qiymət alıb.
Daha sonra tarix elmləri doktoru, professor Hidayət Cəfərov çıxışında bildirdi ki, 1980-ci illərdə Xocalı və ətrafında yerləşmiş abidələrin tədqiqində iştirak edib, ərazidəki azərbaycanlı yaşayış məskənlərinin iqtisadi durumunun şahidi olub.
İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Pərviz Qasımov qeyd etdi ki, bölgədə aparılan tədqiqatlar zamanı görmək olardı ki, müsəlman azərbaycanlıların qəbirləri təkcə erməni işğalçıları tərəfindən deyil, hətta 2020-ci ildə ərazidə yerləşmiş Rusiya sülhməramlılarının Xocalı aeroportunun perimetri boyunca hərbi istehkamlar inşa etdiyi zaman da dağıdılıb.
İnstitutun aparıcı elmi işçisi t.ü.f.d., dosent Şamil Nəcəfov çıxış edərək Xocalı nekropolunda aparılmış qazıntılar barədə məlumat verdi. O, həmçinin bildirdi ki, tədqiqatlar zamanı Xocalı əhalisinin öz ata yurdlarına artan dinamika ilə qayıdışını müşahidə etmək olardı. “Öz ata-babalarının dağıdılmış qəbirlərini bərpa edən xocalılarla söhbətlər zamanı həmin soyqırımın nə qədər dəhşətli olduğunu sözlə demək asan deyil” – deyə Ş.Nəcəfov bildirdi.
Tədbirin sonunda Fərhad Quliyev erməni işğalçılarının törətdiyi faciə qurbanları qalıqlarının aşkar edilməsində institutun Məhkəmə arxeologiyası şöbəsi əməkdaşlarının önəmli rolundan söz açdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.