Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2025 10:51
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Xocalı faciəsinin qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının və Qarabağda yerləşmiş rus və erməni hərbiçilərindən ibarət 366-cı motoatıcı alayının əsgərlərinin iştirakı ilə Xocalı şəhərində iyirminci əsrin insanlığa sığmayan ən böyük dəhşətli hadisəsinin törədildiyini bildirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, bu faciə bir xalqa qarşı törədilmiş soyqırım idi. Çünki ermənilər Xocalıda uşaq, qadın, yaşlı demədən azərbaycanlı olan hər kəsə insanlığa sığmayan işgəncələr verməklə qətlə yetirib, vəhşiliklər törətmişdilər. Bu faciənin Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunduğunu bildirən baş direktor xalqımızın başına gətirilən bütün faciələrə, bəlalara baxmayaraq Azərbaycan xalqının taleyin ağır sınaqlarına mətanətlə dözdüyünü bildirib.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatından sonra Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini bildirən professor Qurban Yetirmişli Qarabağın öz azadlığına qovuşduğunu, Xocalı faciəsinin qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasının düşməndən alındığını bildirib.

Hazırda Qarabağda ölkə başçısının rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin aparıldığını qeyd edən RSXM-nin baş direktoru artıq Xocalıda, Xankəndidə, Şuşada və azad edilmiş digər rayonlarımızda yenidən canlanma olduğunu bildirərək “Böyük Qayıdış” çərçivəsində yüzlərlə soydaşımızın öz doğma yurd-yuvalarına köçürüldüyünü deyib.  “Biz bu qalibiyyətə, bu Zəfərə görə Ali Baş Komandanımıza, ordumuza, əsgər və zabitlərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin qisası alındığına görə əminik ki, bu gün onların da ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Xocalı da digər şəhərlərimiz və kəndlərimiz kimi bu gün azaddır və bundan sonra da azad Qarabağımızdan ancaq musiqi səsi gələcək. Xocalı faciəsinin qurbanları isə heç zaman unudulmayacaq. Çünki bu bizim tariximiz, qan yaddaşımızdır”.

Daha sonra RSXM-nin Elektron Xidmətlər şöbəsinin hazırladığı Xocalı faciəsinə həsr  olunmuş “Xocalı faciəsi 33 il: Faciədən qələbəyə” adlı video çarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: