Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans keçirilib. Tədbir rəsmi hissə və panel müzakirələrdən ibarət olub.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsindən sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə çoxsaylı tədbirlər təşkil olunur, görülən işlərin nəticələri, həmçinin qarşıdakı fəaliyyətlər barədə fikir mübadiləsi aparılır. Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olduğunu xatırladan B.Muradova Azərbaycanın qısamüddətli müstəqillik tarixinə baxmayaraq, artıq özünün müstəqil siyasi iradəsi, qətiyyətli mövqeyi və hüquqi prinsiplərə əsaslanan fəaliyyəti ilə seçildiyini qeyd edib. Bugünkü müstəqil Azərbaycan dövlətinin xalqımızın ən böyük sərvəti və nailiyyəti olduğunu vurğulayan Komitə sədri, ölkəmizin dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq, dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini deyib.
Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə hüquqi əsasların yaradılması, konstitusiyamızın qəbul edilməsi prosesindəki böyük rolunu qeyd edib.
Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov xalqımızın əsrlər boyu təşəkkül tapmış milli-mənəvi dəyərlərinin, zəngin mənəvi-əxlaqi sərvətlərinin, dövlətçilik ənənələrinin formalaşmasında və qorunub saxlanılmasında qadınlarımızın böyük xidmətlərindən danışıb. AHİK sədri təmsil etdiyi qurumun qadınların gücləndirilməsi və dəstəklənməsi istiqamətində fəaliyyəti və gördüyü işlər haqqında məlumat verərək, hazırda həmkarlar ittifaqlarında ümumi üzvlərin 52,3 faizinin qadınlar olduğunu diqqətə çatdırıb.
Rəsmi hissədən sonra “Qadın iştirakçılığının təbliği” mövzusunda konfrans panel müzakirələrlə davam edib.
“Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr olunan ilk panel müzakirəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluğu ilə keçirilib.
Konfrans Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə "Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr olunan ikinci panellə davam edib.
Müzakirələr zamanı ailə institutunun Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi inkişafında xüsusi rol oynadığı, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasına, cəmiyyətin inkişafına, dövlətin sağlam dəyərlər üzərində qurulmasına təsir göstərdiyi vurğulanıb. Ailə institutunun möhkəmləndirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas xətt olaraq müəyyən edildiyi qeyd edilib.
Tədbirdə AMEA-nın Qadınlar Şurasının sədr müavini biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə və AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov da iştirak ediblər.
Konfrans yekun müzakirələrlə başa çatıb.