Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

Akademik İsa Həbibbəyli Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
28.02.2025 11:00
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonağı Akademiyada görməkdən məmnunluğunu ifadə edib. İki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin təməllərinin Ulu Öndər Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən atıldığını deyən akademik İsa Həbibbəyli bu dostluq əlaqələrinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, bu gün Tacikistan Azərbaycan üçün dost və etibarlı, tərəfdaş dövlətdir, ölkələrimiz arasında bir çox sahələrdə yüksək əməkdaşlıq əlaqələri mövcuddur.

Elm sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra mühüm addımların atıldığını deyən akademik İsa Həbibbəyli ötən ilin mayında Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri zamanı Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi çərçivəsində AMEA ilə Tacikistan Milli Elmlər Akademiyası (TMEA) arasında anlaşma memorandumunun imzalandığını xatırladıb.

Bildirib ki, anlaşma memorandumu çərçivəsində ilkin olaraq, AMEA-da görkəmli tacik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Camiyə həsr olunmuş kollektiv monoqrafiyanın hazırlanması nəzərdə tutulub və hazırda kitabın müəlliflər heyəti müəyyənləşdirilərək işlərə başlanılıb. Eyni zamanda Tacikistan Milli Elmlər Akademiyası tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş nəşrin hazırlanacağını diqqətə çatdırıb.

Həmçinin ötən ilin oktyabr ayında Düşənbədə Tacikistan Milli Elmlər Akademiyasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçirilən MDB-yə üzv dövlətlərin alimlərinin V Forumunda AMEA nümayəndələrinin də təmsil olunduğunu, TMEA-nın rəhbərliyi ilə görüşlərinin baş tutduğunu vurğulayıb.

AMEA prezidenti elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün Akademiyanın bütün dəstəyi verəcəyini söyləyib və birgə konfransların, simpoziumların təşkili, təcrübə mübadiləsi və s. istiqamətdə böyük perspektivin mövcud olduğunu bildirib.

Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon isə öz çıxışında səmimi qəbula görə minnətdarlığını bildirib. Tacikistan-Azərbaycan əlaqələrinin hər iki dövlətin müstəqilliyini qazanmasından bu yana yüksək səviyyədə davam etdiyini, Ulu Öndər Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonın yaxın dost olduqlarını, Prezident Emoməli Rəhmonın dahi dövlət xadimi Heydər Əliyevin təcrübəsindən daim yararlandığını söyləyib. Qeyd edib ki, hazırda bu dostluq əlaqələri ölkələrimizin liderləri tərəfindən uğurla davam etdirilir.

Tacikistan Milli Elmlər Akademiyasının prezidenti professor Kobiljon Xuşvaxtzodanın salamlarını çatdıran İlxom Abduraxmon elm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün səfirliyin hər cür dəstəyi verməyə hazır olduğunu diqqətə çatdırıb. Əbdürrəhman Caminin əsərlərinin tacik xalqı üçün qiymətli olduğunu bildirən səfir AMEA-da görkəmli şairə həsr edilmiş monoqrafiyanın hazırlanmasını yüksək qiymətləndirib. Öz növbəsində Nizami Gəncəvinin Tacikistan xalqı tərəfindən Azərbaycan şairi kimi qəbul edildiyini, onun əsərlərinin məktəblərdə tədris olunduğunu, ölkəsində ədibin adına rayon və küçənin olduğunu söyləyib. Nizami Gəncəvinin Gəncədəki məqbərəsini ziyarət etdiyini deyən İlxom Abduraxmon görkəmli ədiblərimizin bizi birləşdirdiyini, elm istiqamətində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivin mövcud olduğunu bildirib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli isə çıxışında rəhbərlik etdiyi institutda qorunan tacik xalqına məxsus əlyazma nüxsələri barədə məlumat verib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Daha sonra qonaq AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

Qeyd edək ki, görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və Tacikistan Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: