Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2025 12:00
  • A-
  • A
  • A+

AMEA-nın 80 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib

AMEA-nın 80 illiyi münasibətilə Gəncədə elmi-nəzəri konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Bölməsinin təkilatçılığı ilə “AMEA – 80” mövzusunda konfrans keçirilib.

AMEA-nın Gəncə Bölməsinin böyük akt zalının qarşısında AMEA-nın və onun Gəncə Bölməsinin tarixi və elmi nailiyyətlərini əks etdirən sərgi təşkil olunub. Sərgi Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində “Gəncə Elm Mərkəzi” kimi fəaliyyətə başlayan bu elm ocağının 44 ilik tarixi dövründə həyata keçirilən elmi və elmi-təşkilati işlər, buradakı tədqiqatların nəticələri və kadr hazırlığı barədə məlumatları əks etdirib.

Sərgidə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Gəncənin intibah və inkişafındakı tarixi rolu, elmin yüksəlişinə göstərdikləri diqqət və qayğını əks etdirən sənədlər, xüsusən bu mövzularda Gəncə Bölməsində nəşr edilmiş monoqrafiya və kitablar, bölmənin alim və tədqiqatçıları tərəfindən ərsəyə gətirilmiş əsərlər də nümayiş olunub.

Görkəmli alimlərimiz və onların elmimizə verdiyi töhfələr də sərgidə öz əksini tapıb.

Sərgiyə baxışdan sonra konfransın açılışı olub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları “AMEA - 80, Gəncə Bölməsi - 44” mövzusunda videofilmi izləyiblər.

Konfransı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq, Gəncənin tarixən qədim elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın sosial - iqtisadi inkişafı  naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Akademik Fuad Əliyev çıxışında, həmçinin Gəncə və bölgədəki elmi tədqiqatların istiqamətləri haqda danışıb, eləcə də gənc elmi kadrların yetişdirilməsinin vacibliyinə toxunub. 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər tşkilatının sədri tarix üzrə fəlsəfə doktoru   Bayram Aslanov çıxış edərək, AMEA-nın və onun Gəncə Bölməsinin alimlərini qeyd olunan əlamətdar tarixlər münasibətilə təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də  cənab Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçdiyini vurğulayıb.

Gəncə  şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında bu mötəbər elmi forumun iştirakçılarına Niyazi Bayramovun salamlarını və uğurlar arzulayıb. O, ziyalılarımızın müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini, ölkəmizin, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu, alimlərin öhdəsinə vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.

Plenar iclasda, həmçinin AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, AR ETN Gəncə Dövlət Universitetinin kafedra müdri AMEA-nın müxbir üzvü Vaqif Novruzov, AR KTN Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Elman Mövsumov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Maarifləndirmə Sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru Elnur İmanov, AMEA-nın Naxçıvan Bölməsindən filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, AR ETN Gəncə Dövlət Universitetinin kafedra müdri biologiya elmləri doktoru, professor Sevda Əhmədova, AR ETN Azərbaycan Texnologiya Universitetinin prorektoru dosent Şahmar Hüseynov, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun professoru aqrar elmlər doktoru Ələddin Tağıyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, AR KTN-nin Azərbaycan Dövlət Aqrar Universitetindən aqrar elmlər doktoru, professor Nizami Seyidəliyev və digər alimlər təbrik nitqi ilə çıxış edərək, elmi tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətin tərəqqisinə və insanların rifahına töhfə verməsinin vacibliyi məsələlərindən danışıblar.

Sonra təbiət və texniki, həmçinin ictimai elmlər üzrə ayrı-ayrı bölmələrdə məruzələr dinlənilib. “Gəncə ədəbi mühiti: Nizami Gəncəvidən müasir dövrümüzə qədər”, “AMEA. 80 il ərzində Azərbaycan tarixşünaslıq elminin inkişaf tarixi”, “Azərbaycanın Qərb bölgəsinin ədəbi mədəni mühiti”, “Gəncə Bölməsinin Regional Əməkdaşlıq Strategiyası: keçmiş və gələcək”, “Qərb bölgəsinin xammal və sənaye tullantılarının ekoloji problemləri”, “Qərb bölgəsinin biomüxtəlifliyinin tədqiqi və səmərəli istifadəsi”, “Aqrar sahənin inkişafı üçün mövcud problemlərin araşdırılması, onların aradan qaldırılması, elmi əsaslandırılmış işlərin istehsalata tətbiqi”, “Azərbaycanın Qərb hissəsi florasının müasir vəziyyəti” bölmələri üzrə konfransa 160-dan çox məruzə qəbul edilib.

Elmi-nəzəri konfransın materialları ayrıca kitab şəklində nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: