AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, professor Mirəli Seyidovun “Yaz bayramı” kitabının yeni nəşrinin təqdimatı keçirilib.
Əvvəlcə professor Mirəli Seyidovun kitablarından ibarət sərgiyə baxış olub.
Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsi institutlarının əməkdaşları, “Salman Mümtaz” nəşriyyatının rəhbərliyi, tanınmış elm xadimləri, ziyalılar, doktorant və dissertantlar, təcrübəçi tələbələr və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq professor Mirəli Seyidovun zəngin elmi irsindən, alimin mifologiya istiqamətində tədqiqatlarından bəhs edib. Mehman Həsənli böyük azərbaycanşünas alimin ədəbi əlaqələrə dair yaradıcılığı, türkdilli qəbilələr barədə məqalələri və mifologiyaya aid fikirlərinin milli təfəkkürümüzün zənginləşməsində və azərbaycançılıq dünyagörüşünün təbliğində əvəzsiz rol oynadığını vurğulayıb.
O, bugünkü tədbirin Od çərşənbəsində keçirilməsinin təsadüfi olmadığını söyləyərək, professor Mirəli Seyidovun yenidən çapdan çıxmış “Yaz bayramı” kitabının məziyyətlərindən danışıb. Bildirib ki, kitabda müəllif yaz bayramı – Novruz bayramını tarixi və mifoloji aspektdə ən müxtəlif mənbələrə istinad etməklə əsaslandırıb. Əsərdə Novruz bayramının Azərbaycan düşüncəsində yeri, bu bayramın xalqımızın milli ruhunun, yaşamının təcəssümü, xalqımızın milli-etnik kimliyinin əsas göstəricisi olduğu göstərilib.
Direktor müavini qeyd edib ki, professor Mirəli Seyidov mifoloji tədqiqatların Azərbaycanda ənənəsini yaradan görkəmli alimdir. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş, ilk dəfə xalqımızın etnogenezini tanıtdırmışdır. Mirəli Seyidovun azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri, ümumtürk mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhlili sahəsində elmi araşdırmaları xalqımızın soykökünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Görkəmli mifoloq-folklorşünas Mirəli Seyidovun gərgin və ağır zəhmətinin bəhrəsi olan kitabları barədə məlumat verən Mehman Həsənli onun "Azərbaycan xalqının soykökünü düşünərkən” əsərinin uzun illər milli yaddaş, Azərbaycanın varlığı, xalqımızın etnik kökləri ilə bağlı tədqiqatçılara istiqamət verən mühüm nəşrlərdən olduğunu deyib. Bildirib ki, alim, həmçinin 1980-ci illərdə qələmə aldığı "Azərbaycan mifik təfəkkürünün qaynaqları" kitabında xalqımızın soykökünü araşdıraraq, Azərbaycan türklərinin öz halal torpağında yaşamaq haqqını əsaslandırıb.
Professor Mirəli Seyidovun həyatının böyük bir hissəsinin AMEA ilə bağlı olduğunu söyləyən Mehman Həsənli onun 1945-ci ildə Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyində fəaliyyətə başladığını, 1953-cü ildən ömrünün sonunadək isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda çalışdığını diqqətə çatdırıb. O, görkəmli alimin 21 il Ədəbiyyat İnstitutunun Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinə rəhbərlik etdiyini bildirib.
Sonra AMEA Folklor İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edərək təqdimatı keçirilən “Yaz bayramı” kitabını professor Mirəli Seyidovun mifoloji tədqiqatlarını, onun ədəbiyyatşünaslıq və folklorşünaslıq baxışlarını eks etdirən qiymətli mənbə kimi dəyərləndirib. Vurğulayıb ki, alim bu əsərdə elmi rakursdan məsələyə yanaşmanı insan-təbiət münasibətləri kontekstində ciddi şəkildə araşdırır və onun mifoloji baxışlarında həm də milli tarix konsepti mövcuddur.
Hikmət Quliyev görkəmli mifoloq-folklorşünas Mirəli Seyidovun 2018-ci ildə təkrar nəşr olunan "Azərbaycan xalqının soykökünü düşünərkən” kitabından da bəhs edərək, əsərə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin geniş “Ön söz” yazdığını xatırladıb. Bildirib ki, əsərdə akademik İsa Həbibbəyli professor Mirəli Seyidovun yaradıcılığına azərbaycançılıq kontekstikdə baxıb, alimin folklorşünaslıq sahəsindəki tədqiqatlarının mifoloji axının başlanğıcı olduğunu qeyd edib.
Professor Mirəli Seyidovun tədqiqatlarının öz dövründə birmənalı qarşılanmadığını deyən direktor onun mifoloji araşdırmalarına geniş nəzər salıb. Alimin sovet dönəmində qələmə aldığı fundamental əsərlərin indi də öz elmi dəyərini saxlamaqda olduğunu bildirib.
Hikmət Quliyev professor Mirəli Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatlarının azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan aktual olduğunu vurğulayıb. O, görkəmli alimin zəngin irsinin, dəyərli əsərlərinin tədqiqatçılar üçün mühüm elmi mənbə olduğunu qeyd edib.
Daha sonra Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev, Aşıqlar Birliyinin sədri, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Məhərrəm Qasımlı və Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli çıxış edərək Mirəli Seyidovun Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan söz açıb, onun yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirdiyini qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, böyük azərbaycanşünas alim Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiyyat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən erməni xalqına da güclü təsir göstərdiyini faktlar, dəlillərlə sübut etməyə müvəffəq olmuşdur.
Tədbirdə, həmçinin Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy, “Salman Mümtaz” nəşriyyatının direktoru Zaur Həsənzadə, Bakı Mühəndislik Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Emin Ağayev, professor Əsgər Zeynalov, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, 162 nömrəli tam orta məktəbin müəllimi Gülbəniz Abbasova çıxış edərək folklorşünas alim Mirəli Seyidovun “Yaz bayramı” kitabının əhəmiyyətindən və onun yeni nəşrinin vacibliyindən danışıblar.
Sonda professor Mirəli Seyidovun oğlu Elçin Seyidov çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.