Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai xadim, ədəbiyyatşünas alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələrinin, yazarların və ədəbiyyat həvəskarlarının iştirak etdiyi yubiley tədbirini giriş nitqi ilə muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açıb. O, tədbirin Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.
Yaqut Bahadurqızı istiqlal şairi Bəxtiyar Vahabzadənin zəngin poetik söz dünyasının milli çalarlarından danışıb, ədibin istər Sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində keşməkeşli həyatından bəhs edib. Şairin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi misilsiz töhfələri diqqətə çatdıran Yaqut Bahadurqızı onun dərin fəlsəfi şeirləri və milli dəyərlərə olan bağlılığı ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Sonra Kürdəmir rayonu Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “İstiqlal mücahidi Bəxtiyar Vahabzadə” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi öz kökünə bağlı olan böyük şairin 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olduğunu deyib. Ədibin 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq, istiqlal uğrundakı ədalətli mübarizəsini cəsarətlə qələmə aldığını söyləyən Şəfəq Ağayeva onun bu poemaya görə 1962-ci ildə "millətçi" damğası ilə təzyiqlərə məruz qaldığını bildirib.
Tədbirdə bədii qiraət həvəskarları Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndiriblər.
Daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Mərasimdə digər çıxış edənlər şairin geniş bədii yaradıcılıq yolundan, elmi və pedaqoji fəaliyyətindən danışıb, onun fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli səhifələr yazdığını vurğulayıblar.
Sonda tanınmış xanəndə Səfalı Əliyevin ifasında Bəxtiyar Vahabzadənin qəzəllərindən ibarət muğamlar və şairin öz səsində “Ana dilim” şeiri səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.