Martın 4-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva iclasda “Azərbaycan Respublikasının Konstitusiyasında etik normalara fəlsəfi və hüquqi baxış” mövzusunda məruzənin dinləniləcəyini bildirib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayeva “Azərbaycan Respublikasının Konstitusiyasında etik normalara fəlsəfi və hüquqi baxış” mövzusunda məruzə edib.
Əntiqə Paşayeva bildirib ki, Konstitusiya dövlətin hüquqi əsaslarını təşkil edən prinsiplər məcmusudur. Bu prinsiplər dövlətin əsas qanununu əks etdirir ki, buna Konstitusiya və ya Əsas Qanun deyirik. Əsas Qanun dövlətin və dövlətə tabe olan təşkilatların necə idarə olunmasını müəyyən edir. Müəllif vurğulayıb ki, dünya təcrübəsində konstitusiyalar iki cürdür: yazılmış və yazılmamış. Yazılı konstitusiyalar həm məzmun, həm forma baxımından ölkənin hüquq sistemində üstün yer tutan vahid hüquqi sənəddir. Yazılı konstitusiyanın təməlini qanunverici orqan qoyur. Lakin yazılmamış konstitusiyalar isə ölkənin əsas qanunu olaraq, dövlətin digər qanunlarından fərqi olmayan adətlər məcmusudur. Azərbaycan Respublikası da daxil olmaqla, əksər müasir dövlətlər yazılı konsitusiyalara malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının üstün cəhətlərindən biri budur ki, təkcə qanunlara deyil, milli-mənəvi dəyərlərə, adət və ənənələrə, ən əsası isə etik normalara əsaslanır, yəni qanunla etik norma arasında əlaqə vardır. Məhz buna görə də Konstitusiyaya milli-mənəvi dəyərlərə əsaslanan sənəd kimi baxmalıyıq. Belə olan halda əsas qanun təkcə siyasi baxış deyil, həm də etik yanaşma tələb edir.
Dosent Əntiqə Paşayeva qeyd edib ki, hər xalqın özünə xas əxlaq normaları və adət-ənənələri vardır və bunlar demokratik prinsiplərlə vəhdət təşkil edir. Etik normalara əsaslanmayan hər hansı bir maddənin və qərarın hüquqi əsası yoxdur. Bunlar Əsas Qanunda – Konstitusiyada da əks olunub. Onun milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə əsaslanan Konstitusiyamıza nəzər saldıqda görürük ki, burada insan varlığının dəyərindən, ona verilən imtiyazlardan bəhs olunur. Məsələn, “milli mənsubiyyət hüququ”, “mülkiyyət hüququ”, “təhlükəsiz yaşamaq hüququ”, “şəxsi toxunulmazlıq hüququ”, “nigah hüququ”, “təhsil hüququ”, “əmək hüququ”, “seçki hüququ”, “sosial təminat hüququ”, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqları nümunə göstərmək olar ki, dövlətin ali məqsədi vətəndaş haqlarını qorumaq və təmin etməkdir.
Onun sözlərinə görə, bu maddələrin hər biri yazılarkən etik normalarla yanaşı, milli-mənəvi dəyərlərimiz, xalqımızın adət-ənənələri nəzərə alınmışdır. Ümummilli Lider Heydər Əliyev məhz bu prinsipləri rəhbər tutaraq qeyd etmişdir ki, “İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. Biz çalışacağıq ki, vətəndaşların konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun və qorunsun”.
Əntiqə Paşayeva digər mühüm məsələnin Ulu Öndərin Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi və bunu təbliğ etməyi, bundan faydalanmağı tövsiyə etməyini bildirmişdir. “Çünki onun nəzərində, Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və bundan qanun çərçivəsində bəhrələnməlidir. Buna görə də çıxışlarının birində diqqəti bu məsələyə yönəldir: Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir. Bizim Konstitusiyamız Azərbaycanın gələcək perspektivlərini müəyyən edir və biz o perspektivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik”. Ulu Öndərin mənəviyyat dolu tarixi kəlamlarına istinad edərək qeyd etməliyik ki, hər xalqın özünə xas əxlaq normaları və adət-ənənələri mövcuddur və bunlar Konsitusiyada da özünü göstərir. Ulu Öndər bu məsələyə xüsusi diqqət edərək bildirir: “Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət və xalq ola bilməz. Biz öz milli-mənəvi və əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Sonra Arxeologiya və Antropologiya İnstitutunda daxili imkanlar hesabına Elmi fond və ekzpozisiya şöbəsinin bazasında Elmi fond və Elmi ekzpozisiya şöbələrinin yaradılması məsələləri müzakirə olunub. İclasda, həmçinin Arxeologiya və Antropologiya İnstitutunda daxili imkanlar hesabına Tunc dövrü arxeologiyası şöbəsinin adının dəyişdirilərək İlk Tunc dövrü şöbəsi kimi adlandırılması və həmin şöbənin tərkibində olan Orta və Son Tunc dövrü arxeologiyası sektorunun şöbə adlandırılması kimi məsələlərə baxılıb. Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Traseoloji və eksperimental arxeoloji laboratoriyanın ləğv edilməsi haqqında məsələ müzakirə edilib. Bundan əlavə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
Daha sonra müasir dövrün çağırışlarına uyğun olaraq Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına və mövcud ştat vahidi əsasında Fəlsəfi-hüquqi təlimlər və suverenlik, Beynəlxalq münasibətlər və geosiyasət şöbələrinin yaradılması məsələri müzakirə olunub AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin adının dəyişdirilərək İslam fəlsəfəsi dinşünaslıq şöbəsi kimi, İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin adının dəyişdirilərək İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbələri kimi adlandırılması haqqında məsələlərə baxılıb.
Bir sıra kadr məsələləri müzakirə edilib.
Tarix elmləri doktoru Mais Əmrahovun Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçi vəzifəsinə təsdiq edilməsi, Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin elmi işçisi Aliyə Adıgözəlovanın, kiçik elmi işçisi Arif Quliyevin Türkiyə Bursları təqaüd proqramının qalibi olduğu üçün Türkiyənin Ankara şəhərinə ezam olunmaları məsələləri müzakirə olunub, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Daha sonra AMEA-nın müxbir üzvü İlyas Babayevin 90, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 illiyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Akademik Gövhər Baxşəliyeva AMEA-nın müxbir üzvü Poxomov Yevgeniy Aleksandroviçin 145, AMEA-nın müxbir üzvü Ziyyəddin Göyüşovun 105 illik yubileylərinin aidiyyatı üzrə elmi tədqiqat müəssisələrində qeyd olunmasına dair tapşırıq və tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.