Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2025 17:49
  • A-
  • A
  • A+

“Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu” adlı respublika elmi konfransı keçirilib

“Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu” adlı respublika elmi konfransı keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan incəsənətində konstitusiya və suverenlik mövzusu” adlı respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd etdi ki, suverenlik və dövlətçilik başlıca prinsip kimi həm müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edir, həm də dövlətin milli kimliyini ifadə edir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu sərəncamdan irəli gələrək AMEA-nın bütün elmi müəssisələrində konfranslar keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini təmsil edən Nigar Dünyamalıyeva “Konstitusiya və Suverenlik İli”nin mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Bu il ölkəmiz üçün müstəsna əhəmiyyətə malik olan iki mühüm hadisənin, Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi və Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümünün tamam olduğunu qeyd etdi. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır. İstənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. İstənilən xalq üçün müstəqil, suveren dövlət yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir.    

Sonra AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Konstitusiya atributları şəbəkə sənətində” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanın dövlət rəmzləri olan dövlət gerbi və dövlət bayrağı şəbəkə sənətində öz dolğun bədii əksini tapıb. Azərbaycan Cümhuriyyətinin bayrağında əks olunan dövlət rəmzləri versiyaları, onların seçimindən danışan alim bu rəmzlərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Şəbəkə ustası Tofiq Rəsulovun şəbəkə texnikasında yaratdığı yeni formalardan, şəbəkə kompozisiyalarından, şəbəkə ornamentləri, onların həndəsi quruluşu, texnologiyasından bəhs etdi.  

Konfransda, həmçinin sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva və sənətşünaslıq ü.f.d., dosent, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Azərbaycan Respublikasının Dövlət Himni-tarixi varislik”, Muğamşünaslıq şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor Sevil Fərhadova “Suveren Azərbaycanın muğam sənəti”, institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq ü.f.d., dosent Xəzər Zeynalov “Müstəqillik dövrü Azərbaycan qrafikasında dövlət rəmzlərinin təcəssümü”, ADMİU “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq ü.f.d. Aslan Xəlilov Azərbaycan rəngkarlığında dövlət rəmzlərinin bədii həlli”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Azərbaycanın tarixi bayraqlarında şir simvolizmi”, institutun şöbə müdiri, sənətşünaslıq ü.f.d., dosent Aida Sadıqova “Suveren Azərbaycanın xalça sənəti”, sənətşünaslıq ü.f.d., dosent Gülrəna Mirzə “Azərbaycan Xalq rəssamı Oqtay Sadıqzadə yaradıcılığında suverenlik uğrunda mübarizə aparan şəxslərin portretləri”, sənətşünaslıq ü.f.d. Nəzmin Cəfərova” Azərbaycan Xalq Cumhuriyyəti dövrü iki muzeyin kolleksiyasında” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: