Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2025 09:18
  • A-
  • A
  • A+

Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi qeyd edilib

Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi qeyd edilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli alim, akademik Siddiqə Məmmədovanın məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra konfransın keçirildiyi akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən sərgiyə baxış keçirilib.

Tədbirin açılışında görkəmli alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək Siddiqə Məmmədovanın elmi və ictimai fəaliyyətindən söz açıb, alimin gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, Ulu Öndər Heydər Əliyev elm adamlarına daim qayğı göstərərək onları diqqətdə saxlayırdı. Bu diqqətə layiq elm adamlarından biri də Siddiqə Məmmədova idi ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Heydər Əliyevin müdrikliklə həyata keçirdiyi elm siyasəti daha sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, Siddiqə Məmmədova öncə “Şərəf” ordeninə daha sonra isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na da layiq görülüb.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademikin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən alimin rəhbərliyi ilə institutda 5 elmlər doktoru, 70-dən çox elmlər namizədi hazırlanıb. 2 elmlər doktorunun və 15 elmlər namizədinin rəhbəri və ya elmi məsləhətçisi şəxsən özü olub.

AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Siddiqə xanım Məmmədovanın zəngin irsinin, apardığı tədqiqatlarının Azərbaycan aqrar elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, aqrar elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru dosent Zəfər Qurbanov çıxışında qeyd edib ki, görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizə sahəsi üzrə keçmiş SSRİ məkanında tanınmış entomoloq, kamil pedaqoq Siddiqə Məmmədova Azərbaycanın qəbul etdiyi böyük şəxsiyyətdir.

Milli Məclisin deputatı Naqif Həmzəyev görkəmli şəxsiyyətlərimizin irsini xalqımızın yaddaşında qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Vaqif Novruzov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Şərur rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov, Şərur rayon Şəhriyar kənd tam orta məktəbinin tədris hissə müdiri Sevda Seyidova, akademikin tələbələri və digərləri çıxış edərək Siddiqə Məmmədovanın entomoloq alim kimi fəaliyyətindən danışıb, onun yüksək insani keyfiyyətlərə malik olduğunu deyiblər.

Sonda akademik Siddiqə Məmmədovanın ailə üzvləri adından oğlu, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhram Xəlilov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

AzərTac

  • Paylaş: