Şamaxı Rayon İcra Hakimiyyətində “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” elmi-tədqiqat layihəsinin yekun hesabatı təqdim edilib.
Tədbirdə İcra Hakimiyyətinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun mütəxəssisləri və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda həyata keçirilən infrastruktur layihələri və biznes imkanları barədə danışaraq tədqiqatın əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli layihənin əsas mahiyyəti və məqsədləri barədə danışıb, Şamaxının müasir sosial-iqtisadi inkişafının elmi əsaslara istinadən aparıldığını bildirib.
Tədqiqat çərçivəsində rayonun iqtisadi potensialı, biznes mühiti və investisiya imkanları təhlil edilib, sahibkarlar arasında sorğular aparılıb. Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılması, aqroparkların genişləndirilməsi, sənaye və xidmət məhəllələrinin qurulması kimi təkliflər hazırlanıb. ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Famil Rüstəmov məruzəsində yerli məhsulların tədarükü və qablaşdırılması, turizmin inkişafı və məişət tullantılarının idarə edilməsi istiqamətində tövsiyələri iştirakçıların diqqətinə çatdırıb.
Layihənin nəticələri kitab şəklində nəşr edilib və İcra Hakimiyyətinə təqdim olunub. Bu araşdırmanın təkcə Şamaxı üçün deyil, digər regionların sosial-iqtisadi inkişafı üçün də faydalı ola biləcəyi qeyd edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.