Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.04.2025 09:40
  • A-
  • A
  • A+

“Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat keçirilib

“Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

Tədbir “Elm günü”nə həsr olunub. Layihənin məqsədi gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq edilməsidir.

Tədbirdə institutun elmi işçisi, doktorant Nərmin Məmmədli “Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şəkinin Kiş və Oxud kəndləri arasında yerləşən Kiş-Doxun nekropolunda aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş kollektiv qəbirlər və ayin yerləri əsasında dəfn mərasimlərinin xüsusiyyətləri təqdim olunub.

Məruzədə qeyd edilib ki, nekropoldakı kollektiv dəfnlər yalnız toplu ölüm halları ilə bağlı deyil, eyni zamanda müəyyən dəfn ənənəsinin tərkib hissəsidir. İki qəbir nümunəsinin təhlili onların təkrar dəfnlərlə müşayiət olunduğunu ortaya qoymuşdur. Aşkarlanmış üçqatlı kollektiv qəbir bəzi skif və sarmat dəfnləri ilə bənzərlik göstərsə də, öz kompleks strukturu ilə region üçün unikal nümunə hesab edilir.

Nekropolda müəyyən olunmuş ayin yerləri dəfn mərasimlərinin yalnız fiziki dəfn aktından ibarət olmadığını, eyni zamanda sosial və dini aspektlərə malik kompleks mərasimlər şəklində həyata keçirildiyini göstərmişdir.

Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov, institutun elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova və aparıcı elmi işçi, t.ü.f.d. Pərviz Qasımov iştirak ediblər. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbirlərin təşkili də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: