Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.04.2025 10:08
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Elm Günü münasibətilə seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Elm Günü münasibətilə seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm Günü münasibətilə seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev bildirib ki, martın 27-si Azərbaycanda Elm Günüdür. Möhtərəm Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Elm Gününün təsis edilməsi bu sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Ölkəmizdə Elm Gününün Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf etdiyini söyləyən direktor 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturunun formalaşdığını, elmi araşdırmaların həyata keçirilməsinin sistemli xarakter aldığını diqqətə çatdırıb.

Mehman Əliyev sonra Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayaraq əlavə edib ki, Akademiyanın sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır: “Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında mühüm rol oynayıb”.

Mərkəzin direktoru daha sonra bu il martın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamdan irəli gələn vəzifələrdən danışıb, əlamətdar yubileylə əlaqədar Mərkəzdə həyata keçiriləcək silsilə tədbirlər barədə məlumat verib.

Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov “Qüvvət elmdədir...”, Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədovun “AMEA Lənkəran Regional Elmi Mərkəzi elmimizin inkişafına töhfələr verir” mövzularında məruzələri, Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Həsən Fərəczadənin çıxışı dinlənilib.

Seminar açıq diskussiya və səmimi dialoq şəraitində davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: