Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Filologiya (Türk dili və ədəbiyyatı) və Regionşünaslıq (İran) ixtisasları üzrə bakalavr pilləsində təhsil alan IV kurs tələbələrinə növbəti seminar keçirilib.
Seminarda muzeyin Filiallarla iş üzrə direktor müavini Ləman Muxtarovanın “Mirzə Hüseyn Qayıbzadə - məşhur nəslin parlaq siması” mövzusunda təqdim etdiyi məruzə maraqla dinlənilib. Qafqaz müsəlmanlarının V Müftisi, görkəmli maarifçi və ədəbiyyatşünas Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və yaradıcılığından bəhs edən məruzəçi onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.
Qeyd edib ki, Hüseyn Əfəndi XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dörd cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı antologiyanı tərtib edib. O, həmçinin Qori Seminariyasında dərs dediyi müddətdə təhsilə dair bir çox dərsliklər, tədris kitabları yazıb. “Məsaili-ammil-hesab” (Hesab ümumi məsələləri), “Məbdəyi-təlimi-sibyan” (Yeniyetmələr üçün başlanğıc) və digər kitabların müəllifi olan Mirzə Hüseyn Qayıbzadə öz əmək haqqı hesabına neçə azərbaycanlıya təhsil verib. Onlardan 43 nəfəri öz himayəsinə götürüb. Həmçinin böyük Azərbaycan şairi Seyid Əzim Şirvani siyasi etibarsızlıq ucundan işdən çıxarılarkən Mirzə Hüseyn Əfəndi onun müəllimliyə qaytarılmasına şəxsən köməklik göstərib. Seyid Əzim Şirvani Mirzə Hüseyni “ilk dəfə məktəb bina edən peyğəmbər” adlandırıb və ona 84 misralıq təşəkkür qəsidəsi yazıb.
Sonda tələbələr tərəfindən mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.