AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) təşkilatçılığı ilə Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbində şagirdlərin ekoloji maarifləndirilməsi məqsədilə “Yaşıl turizm: ətraf mühit və biz” mövzusunda seminar keçirilib.
Seminarda Şəki REM-in Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbəsinin əməkdaşları, İnçə-Zunud kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi yad edilib.
Tədbirdə İnçə-Zunud kənd tam orta məktəbin direktoru Amil Əbdürəhmanov qonaqları salamlayıb, seminarın təşkilində əməyi olanlara minnətdarlığını bildirib. Sonra Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev çıxış edərək tədbirin işinə uğur arzulayıb.
Seminarda Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirova “Yaşıl enerjinin ekoloji davamlılıq üzərindəki təsiri və gələcək inkişaf imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, şagirdlərə müasir dövrdə elektrik enerjisinə olan tələbat, bərpa olunmayan enerji ehtiyatlarının azalması və onların istehsalı prosesində təbiətə dəyən zərərin aradan qaldırılması məqsədilə alternativ enerji-bərpa olunan enerji qaynaqlarından istifadə edilməsinin zəruriliyi haqqında məlumat verib.
Daha sonra Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Dəyişən iqlim, dəyişməyən laqeydlik” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bəşəriyyəti narahat edən iqlim dəyişmələri, təbiətə, bioloji müxtəlifliyə olan antropogen təsirlər, ətraf-mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji və iqtisadi sabitliyə nail olmaq kimi mühüm məsələlərə aydınlıq gətirib.
“Şəki turizmini şərtləndirən amillər” adlı məruzə ilə çıxış edən Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev isə Şəkinin turizm baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyərək, Şəkinin turizm potensiallı məkanları haqqında məlumat verib.
Məruzəçi ekoloji tərbiyə işlərinin bünövrəsinin məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdən başladığını qeyd edib. O, ekoturizmi şərtləndirən əsas amillərin-bitkilərin, çayların, göllərin, şəlalələrin, parkların mühafizəsinin, həmçinin məktəbyanı sahələrdə bitkilərin becərilməsinin, qulluq göstərilməsinin, qorunmasının vacibliyini diqqətə çatdırıb.
Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli göstərilən dəstəyə görə İnçə-Zunud kənd tam orta məktəbin direktoruna minnətdarlığını bildirib, şagirdləri təbiətə biganə olmamağa, qayğı və diqqətlə yanaşmağa çağırıb.
Sonda Şəki REM-in 2024-cü il nəşrləri olan kitablar məktəbin kitabxanasına hədiyyə edilib, direktor Amil Əbdülrəhmanova təşəkkürnamə təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.