Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Geoloq alimlərin məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb
09.04.2025 09:46
  • A-
  • A
  • A+

Geoloq alimlərin məqaləsi nüfuzlu jurnalda çapdan çıxıb

Azərbaycan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin və Neft və Qaz İnstitutunun əməkdaşları Bəhruz Əhədov və Fəxrəddin Qədirovun NASA Jet Propulsion Laboratory (JPL) mərkəzinin əməkdaşı Eric Fielding ilə birlikdə hazırladıqları “Far-Field Earthquake-Induced Crustal Deformation and Mud Volcano Activity in Azerbaijan based on the InSAR Technique” adlı məqalə nüfuzlu beynəlxalq elmi nəşr olan “Remote Sensing” jurnalında dərc olunub. “Remote Sensing” jurnalı  Scimago Journal & Country Rank sisteminə görə Q1 kateqoriyasına daxildir, h-indeksi – 217, CiteScore – 8.3, və ümumi istinad sayı – 170,000-dən çoxdur.

Bu  tədqiqat işi fəlsəfə doktoru Bahruz Əhədovun Fulbrayt qrantı çərçivəsində NASA Jet Propulsion Laboratory (JPL) ilə əməkdaşlıq çərçivəsində Amerika Birləşmiş Ştatlarında yerinə yetirilibdir.

Aparılan tədqiqat nəticəsində 2023-cü ilin fevralında baş vermiş Kahramanmaraş zəlzələsinin (M7.8/M7.6) təqribən 1100 km uzaqlıqda yerləşən Azərbaycan ərazisində yer səthində deformasiyaların və palçıq vulkanlarının fəallaşmasına təsiri olduğu ilk dəfə olaraq çoxsensorlu peyk məlumatları əsasında tədqiq edilmişdir.

Tədqiqatda diferensial radar interferometriyası (InSAR) texnologiyası ilə yanaşı, GNSS ölçmələri və yüksək ayırdetməli optik peyk görüntüləri (PlanetScope) istifadə olunmuşdur. Həm qısamüddətli (zəlzələdən əvvəl və sonra 3 ay), həm də uzunmüddətli (8 il) zaman seriyası analizləri aparılaraq, zəlzələnin dinamik tetiklenme effekti çoxsensorlu sübutlarla təsdiqlənmişdir.

Nəticələr göstərir ki, Kahramanmaraş zəlzələsi zamanı litosferdə yayılan deformasiya  dalğaları Azərbaycanın cənub-şərq hissəsində yerləşən tektonik baxımdan həssas, lakin aktiv olmayan qırılmalar və palçıq vulkanlarının fəallaşması ilə müşayiət olunan yer səthi dəyişikliklərinə səbəb olmuşdur. Bu, regionda uzaq sahədə dinamik tətiklənmənin peyk texnologiyaları ilə ilk elmi nəticədir.

Bu elmi nəticə həm Azərbaycanın geodinamik təhlükələrinin daha dərindən öyrənilməsi, həm də qlobal miqyasda zəlzələlərin uzaq sahələrdəki təsirlərinin peyk müşahidələri ilə araşdırılması baxımından mühüm töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: