Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2016 12:26
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib

Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib

AMEA Geologiya və Geofizika İnstitutunda “Nano-gillər və müxtəlif təbii minerallar əsasında alınmış yeni növ polimer kompozitlər” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə keçirilən tədbirdə akademik Arif İsmayılzadə tədqiqatın hədəflərindən və əhəmiyyətindən danışıb.

Sonra Polimer Materialları İnstitutunun əməkdaşı, kimya elmləri doktoru Nəcəf Qəhrəmanovun mövzu üzrə məruzəsi dinlənilib. Bildirib ki, son illərdə polimer materiallarda kristallik üstmolekulyar quruluşun əmələ gəlməsi prosesinə mineral doldurucuların quruluşu və tərkibinin təsiri istiqamətində aparılan tədqiqatlar dünya alimlərinin diqqətini daha çox cəlb etməyə başlayıb. Polimerlərin minerallarla qarışdırılması prosesində xırdadispers mineral hissəciklərinin polimer matrisada makromolekulların heterogen kristallaşma mərkəzlərinin yaranması və artımı prosesinə təsiri kimi unikal xüsusiyyəti aşkar edilib. Sonuncu hal minerallarla doldurulmuş polimer kompozitlərin xassələrinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Qeyd olunub ki, tədqiqatlar istifadə edilməzdən əvvəl emala uğradılan təbii mineralların istifadəsinə əsaslanırdı. Lakin bu zaman makromolekulun-mineralın nanohissəciyinin qarşılıqlı təsirinin sərhəd sahələrində baş verən proseslərə təbii mineralların tərkibinin və kristallik quruluşunun xüsusiyyətlərinin təsirinə dair birbaşa tədqiqatlar praktiki olaraq həyata keçirilməmişdi. İlk dəfə olaraq polimer kompozitlərin yalnız möhkəmləndirilməsi üçün deyil, həm də yüksək axıcılıq göstəricisinə malik olan polimer materialların alınması istiqamətində təbii minerallardan istifadənin unikal imkanı göstərilmişdir. Mineral-polimer kompozitlərin quruluş və xassələrindəki dəyişikliklərə yeni yanaşmaları və qanunauyğunluqları anlamaq və onları əsaslı izah etmək üçün kompleks tədqiqatların aparılmasına ehtiyac yaranmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirələrdən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: