AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda dərc olunması planlaşdırılan Azərbaycan dilində “Arxeoloji irs” və ingilis dilində “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” adlı elmi jurnalların redaksiya heyətlərinin birgə iclası keçirilib.
İclası açan AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev institutun müasir standartlara cavab verən dövrü elmi dərgilərə ehtiyacının çoxdan yarandığını bildirib. “Böyük və çətin bir təşkilatı işlərdən sonra artıq biz elmi dərgilərimizin ilk saylarının nəşrə hazırlıq mərhələsinə çatmışıq” - deyə F.Quliyev vurğulayıb.
Redaksiya üzvləri Azərbaycan və ingilis dilində respublika daxilindən və xaricindən təqdim edilmiş məqalələrin redaktəsini müzakirə ediblər. Dərcə məqsədəuyğun bilinmiş məqalələrin elmi tutumunu, qoyulmuş tələblərə müvafiqliyini qeyd ediblər.
Həmçinin müzakirə zamanı dərc ediləcək elmi jurnalların elektron versiyalarından, aktivləşməsi planlaşdırılmış internet saytlarından söz açılıb. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və ingilis dilində dərc ediləcək hər bir məqalənin aktiv beynəlxalq rəqəmsal identifikatoru (DOI / The Digital Object Identifier) olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.