ETN Dendrologiya İnstitutunda növbəti elmi seminar keçirilib.
Tədbirdə məruzəçi Bitki mühafizəsi laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mərdan Tağıyev “Şam (Pinus) ağaclarının təhlükəli zərərvericisi - Şam gövdə nematodu ( B. Xylophilus)” mövzusunda çıxış edib.
Məruzəçi Şam gövdə nematodunun (B.xylophilus) müxtəlif yollar və vasitələrlə ölkəmizə keçməsi durumunda şam ağac-kol bitkiləri üçün çox ciddi təhlükələrin yaranması ehtimalını artırdığını, bu səbəbdən ölkə sərhədləri daxilində şam gövdə nematodunun (B.xylophilus) miqrasiyası və yayılması müşahidə edildiyi zaman zərərvericiyə qarşı kompleks karantin mübarizə tədbirlərin yerinə yetirilməsinin qaçılmaz olduğunu vurğulayıb. O, vegetasiyanın may-iyun aylarında B.xylophilus sürfələrinin daşıyıcı olan Monochamus-un yetkin fərdlərini yığmaq məqsədilə delta tipli cinsi fermonlu tutucu tələlərdən, nematodun sürfələrinə qarşı Nematofaqin (Arthrobotrys oligospora) bioloji preparatından və yırtıcı nematodlardan (Macrobiotus sp; Mononchidae) metodikaya uyğun istifadəsi tövsiyə olunduğunu qeyd edib. Alim çıxışında ehtiyac yarandıqda kimyəvi mübarizə məqsədilə sistem təsirli insektisidlərdən (Alfa-sipi, 10% alfa sipermetrin; Valsamba, 25% lambda-siqalotrin ) və nematosidlərdən (Vidat 10%, oxamyl-10% ; Nemacur EC 400, ethoprophos-200G ) səmərəli məsarif normasında çiləmə üsulu ilə tətbiqi həyata keçirilməli olduğunu da deyib.
Sonda Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova institut əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələrini verib, hər bir tədqiqatçını mövzuları üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənməyə çağırıb. Alim, həmçinin institut əməkdaşlarının beynəlxalq proqramlarda və qrant layihələrdə iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.