Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2025 10:23
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların səmərəli istifadəsində ekosistemin qorunması” mövzusunda respublika konfransı keçirilib

Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların səmərəli istifadəsində ekosistemin qorunması” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların səmərəli istifadəsində ekosistemin qorunması” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

Elmi forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutu tərəfindən təşkil olunub.

Konfransda ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl ekologiya və təbii ehtiyatların qorunması istiqamətindəki elmi-tədqiqatların nəticələrindən ibarət əyani vasitələrdən və AMEA-nın Gəncə Bölməsində nəşr olunmuş elmi nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Respublika konfransını giriş sözü ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Mahirə Şərifova açaraq, iştirakçıları və qonaqları salamlayıb. O, konfransa Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və araşdırmaçıların qatıldığını diqqətə çatdırıb.

M.Şərifova qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış dəqiq inkişaf strategiyası sayəsində Azərbaycan sürətlə tərəqqi etmiş və onun beynəlxalq nüfuzu yüksəlmişdir. O, ötən il ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişikilyi ilə mübarizə məsələlərinə həsr olunan konfransın möhtəşəm miqyasının da bunun daha bir sübutu olduğunu qeyd edərək, həmin tədbirdə səslənən çağırışların alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.

M.Şərifova  məhz bu  baxımdan, ekosistemin qorunması, sənaye tullantılarının ətraf mühitə təsirlərinin neytrallaşdırılması və ya azaldılması məsələlərinə dair həmin sahədə tədqiqatlarla məşğul olan alimlərin iştirakı ilə keçirilən bu mötəbər elmi konfransın işinin və nəticələrinin faydalı olacağına inandığını bildirib və qeyd edib ki, konfransın materialları ayrıca kitabça şəklində nəşr edilmişdir.

Sonra konfransın plenar iclası olub.

ETN Azərbaycan Texnologiya Universitetindən k.e.d., professor Elşad Məmmədov “Biosfer gələcək inkişafının strateji prinsipləri”, Gəncə Dövlət Universitetindən b.e.d., professor Sevda Əhmədova “Plastik tullantıların insan sağlamlığına və ətraf mühitə təsiri”, Azərbaycan Texnologiya Universitetindənn dosent Samir Mahmudov “Tullantısız və az tullantılı texnologiyaların əsas istiqamətləri”, Neft və Qaz İnstitutundan Fəxrəddin Kərimov “Neft-qaz sahəsində yaranan tullantıları idarə etməklə iqlim dəyişikliyinə təsirin yumşaldılması” mövzularında çıxış ediblər.

Respublika konfransı “Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı”, “Polimer kompozisiya materialları və ekoloji problemlər”, “Aqrosənaye tullantılarından alternativ enerjinin alınması”, “Qərb bölgəsində biomüxtəlifliyin qorunması” və “Qida və yüngül sənaye tullantılarının ekologiyası” adlı 5 bölmə üzrə işini davam etdirib.

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: