Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi və onun Humanitar Tədqiqatlar İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Konfransda ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının alim və araşdırmaçıları iştirak ediblər.
Tədbirdən əvvəl AMEA-nın Gəncə Bölməsinin elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Giriş sözündə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov konfransın iştirakçılarını və qonaqlarını salamlayıb, O, respublika elmi-nəzəri konfransının 7 bölmədə onlarla məruzəni əhatə etdiyini bu elmi tədbirin mötəbər tutumundan xəbər verdiyini vurğulayaraq, onun işinə uğurlar arzulayıb.
AMEA-nın Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva da Gəncənin ədəbiyyat dünyasının tarixi, eləcə də bugünkü konfransın bölmələrinin mövzu istiqamətləri haqda məlumat verib.
Sonra respublika konfransının plenar iclaşı olub.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d. Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi əfsunu”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan fil.e.d., professor İmamverdi Həmidov “Gəncəli şairin ərəbcə şeirləri”, fil.e.d. Almaz Ülvi Binnətova “Sahib İbrahimlinin “Aşıq Ələsgər şeirlərinin sənətkarlıq xüsusiyyətləri” əsərinin nəzəri əsasları üzərindən bəzi qeydlər”, fil.ü.f.d., dosent Şüküfə Vəliyeva “Xəzangül Hüseynova poetikasının ideya xüsusiyyətləri”, Gəncə Dövlət Universitetindən fil.ü.f.d. Aynur Novruzova “Gəncə ədəbi mühitində uşaq ədəbiyyatının təşəkkülü və ideya-bədii sisteminin formalaşmasına Nizami “Xəmsə”sinin təsiri” mövzularında çıxış ediblər.
Plenar iclasda, həmçinin konfransın qonaqlarından AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Gülşən Kəngərli, Gəncə Dövlət Universitetindən dosentlər Afaq Yusifli, Nəzmiyə Axundova, Səba Namazova, müəllim Vüsal İsgəndərov, Şirvan şəhəri 16 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, fil.ü.f.d. Şəhla Məcidova, gəncəli yazıçılardan AYB-nin Gəncə Bölməsinin sədri, Xəzangül Hüseynova, Sahib İbrahimli, Aləmzər Əlizadə öz ürək sözlərini çatdırıblar.
Konfransın sonrakı mərhələsində “XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti”, “Gəncə intibahına aparan yollar”, “Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlə”, “Dünya ədəbiyyatının Nizami mərhələsi”, “XIX əsrdə Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı”, “XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti” və “Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri” adlı 7 bölmə üzrə daha 32 məruzə dinlənilib.
Sonda iştirakçılara konfransın materiallarının çap olunduğu kitabça təqdim edilib.
Konfrans bitdikdən sonra onun qonaqları böyük mütəfəkkirimiz Nizami Gəncəvinin məqbərəsini ziarət edib, həmçinin Gəncənin digər tarixi və görməli yerlərində olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.