Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.02.2016 18:02
  • A-
  • A
  • A+

KOİCA Agentliyinin nümayəndəsi AMEA Rəyasət Heyətində olub

KOİCA Agentliyinin nümayəndəsi AMEA Rəyasət Heyətində olub

Bu gün AMEA Rəyasət Heyətində Koreyanın KOİCA (Korea İnternational Cooperation Agency – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) şirkətinin ölkəmizdəki ofisinin direktoru Çoi Yonjay ilə görüş keçirildi. Əsas məqsəd qonağa son zamanlar AMEA-da həyata keçirilən innovativ layihələr barədə məlumat vermək və birgə əməkdaşlıq imkanlarını müzakirə etmək idi. Görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev İctimaiyyətlə əlaqələr və elmi populyarlaşdırılma idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edirdilər.

Öncə akademik Akif Əlizadə qonağa AMEA-da prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, həyata keçirilən innovativ layihələr barədə məlumat verdi. Ötən il Akademiyanın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdıran alim bu illər ərzində rəhbərlik etdiyi qurumun Azərbaycan və dünya elminə mühüm töhfələr verdiyini bildirdi.

AMEA alimlərinin dünyada mövcud olan vulkanların öyrənilməsi ilə bağlı ciddi araşdırmalar apardığını vurğulayan A.Əlizadə Akademiyada dünya palçıq vulkanları atlasının tərtib olunduğunu, orada 3000-ə yaxın vulkan barədə elmi məlumatların yer aldığını nəzərə çatdırdı. Alim AMEA-da yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əlaqələrin inkişafı, dünyanın məşhur elmi mərkəzləri ilə əməkdaşlığın təşkili və digər məsələlərdən də söz açdı. Akademiyada ilk dəfə magistratura təhsilinin təşkil olunduğunu, bu addımın elm və təhsilin inteqrasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğuladı.

A.Əlizadə AMEA-da genetika, biologiya, biotexnologiya, molekulyar biologiya kimi elmi istiqamətlərdə böyük uğurların əldə olunduğunu diqqətə çatdırdı. Həmçinin ekologiya, ətraf mühitin qorunması, bioekoloji problemlər və digər istiqamətlərdə də tədqiqatların aparıldığını, bu sahədə Koreya ilə birgə əməkdaşlıq imkanlarının təşkili və elmi laboratoriyaların yaradılmasının zəruri olduğunu qeyd etdi.

Çoi Yonjay isə öz çıxışında AMEA-da aparılan islahatları, elm sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi. KOİCA-nın təcrübə və imkanlarından, həyata keçirdiyi layihələrdən danışan qonaq müvafiq sahədə AMEA ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, kadr və təcrübə mübadiləsinin aparılmasında lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: