Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli tarixçi alim və şair, professor Şahin Fazilin 85 illik yubileyinə həsr edilmiş “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşlarının yaxından iştirakı ilə keçirilən konfransda ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, professor Yusif Alıyev giriş sözü deyib.
Sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariel İbrahimov icra başçısı İlqar Mahmudovun adından çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Konfransda tarix elmləri doktorları Eynulla Mədətlinin, Tofiq Nəcəflinin, professor Tofiq Mustafazadənin, Xeyirbəy Qasımovun, Ramil Ağayevin, Güntəkin Nəcəflinin, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, fəlsəfə doktorları Mübariz Ağalarlının, Məhəmməd Cəbrayılovun, Fərəh Hüseynin, Aysel Şeydayevanın, Elnur Nəsirovun, Sahibə Budaqovanın, Bəxtiyar Həsənovun, Mürvət Əliyevin, elmi işçilər Kəmalə Bayramovanın, Aynur Orucovanın, Nübar Bayramovanın, Nəhayət Şirinovanın professor Şahin Fazilin mənbəşünaslıq və tarixşünaslıqla əlaqədar tədqiqatları barədə elmi məruzələrlə çıxış ediblər.
Görkəmli şair Ramiz Qusarçaylının “Şahin Fazilin poeziyasının özəllikləri və gözəllikləri” mövzusundakı çıxışı, eləcə də qubalı şairlərin, yerli ziyalıların nümayəndələrinin çıxışları maraq doğurub. Filialın tələbələri Şahin Fazilin şeirlərindən nümunələr səsləndiriblər.
Filialın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Şahtaxtlı çıxış edərək bu tədris ocağının tədris fəaliyyətilə yanaşı, elmi irsimizin öyrənilməsi və təbliği sahəsindəki fəaliyyətindən söz açıb.
Şahin Fazilin qızı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Ülviyə Şahinqızı konfransın təşkilatçılarına və məruzəçilərinə minnətdarlığını bildirib.
Konfransın yekun iclasında ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev əməkdaşlığa görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Fəlsəfə və Sosiologiya İnstitutunun, Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
Tədbirdə çıxış edən məruzəçilərə Fəxri diplomlar təqdim olunub.
Qeyd edək ki, konfransın materialları tezliklə nəşr ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.