Naxçıvan Muxtar Respublikasının Babək rayonunun tarixi ilə bağlı yeni kitab işıq üzü görüb. “Babək rayonunun tarixi” kitabı AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin müəllifliyi ilə nəşr edilib.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, elmi rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Toğrul Xəlilovdur.
Əsərdə Babək rayonunun təşəkkülü, inkişafı, coğrafi mövqeyi, sosial-iqtisadi vəziyyəti, mədəni yüksəliş istiqamətləri, tarix-mədəniyyət və arxeoloji abidələri ilə bağlı aparılan tədqiqatlar sistemləşdirilmiş, toplanmış yeni arxiv materialları, statistik məlumatlar, arxeoloji qazıntıların nəticələri və elmi mənbələr əsasında rayonun tarixi akademik yanaşma əsasında ümumiləşdirilmişdir.
Kitab “Ön söz”, üç fəsil, “Nəticə”, “Ədəbiyyat”, “Şəkillər” və “Əlavələr” adlı bölmələrdən ibarətdir.
Birinci fəsildə Babək rayonunun təbii-iqlim şəraiti, adının etimologiyası və inkişafı, rayonun tarixi oçerki oxuculara təqdim olunur. Burada Babək rayonunun yaranması, tarixi və müasir inkişaf mərhələləri ətraflı şəkildə təhlil edilir.
İkinci fəsil rayonun sosial-iqtisadi inkişafına həsr olunub. Burada sənaye, kənd təsərrüfatı, aparılan tikinti-quruculuq işləri, əhalinin sosial rifahı və səhiyyə sahəsində görülən işlər geniş şəkildə işıqlandırılıb.
Kitabın “Təhsil və mədəniyyət” adlanan üçüncü fəslində isə Babək rayonunda təhsilin inkişafı, mədəni-maarif müəssisələrinin fəaliyyəti, ədəbi mühit, eləcə də rayonun tarix-mədəniyyət abidələri və turizm potensialı barədə məlumat verilir.
Əsər “Nəticə”, “Ədəbiyyat”, “Şəkillər” və “Əlavələr” bölmələri ilə tamamlanır. “Nəticə” hissəsində aparılan araşdırmaların əsas məqamları ümumiləşdirilir. Kitabın ərsəyə gəlməsində 140 mənbədən istifadə olunub.
“Şəkillər” və “Əlavələr” bölmələri isə Babək rayonunun tarixi və müasir inkişafını, statistik məlumatları oxuculara çatdırmaq məqsədi daşıyır. Yeni nəşr rayonun tarixi və mədəniyyəti ilə maraqlananlar, eləcə də Naxçıvanın regional inkişafını öyrənmək istəyən tədqiqatçılar üçün dəyərli bir mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.