Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2025 11:48
  • A-
  • A
  • A+

Azər Buzovnalının 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azər Buzovnalının 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri, "Məcməüş-şüəra" ədəbi məclisinin rəhbəri, Füzuli ədəbi ənənələrinin davamçısı, ustad şair, qəzəlxan, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açaraq tədbir iştirakçılarını salamlayıb. Azər Buzovnalının XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri olduğunu diqqətə çatdıran alim şairin lirik yaradıcılığının müxtəlif janrlara bölünərək tədqiqat obyektinə çevrilə biləcək qədər zəngin və rəngarəng olduğunu vurğulayıb. Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

Tədbirdə institutun baş mühafizi fil.e.d., dosent Səbinə Əhmədovanın “Məşədi Azər Buzovnalı yaradıcılığına bir nəzər”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədovanın “Azər Buzovnalı arxivi və irsinin nəşri barədə” və həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Könül Bağırovanın “Türk dastançılıq ənənəsinin Azər Buzovnalı yaradıcılığında davamı: Oğuznamə” adlı məruzələri dinlənilib. Alimlər çıxışlarında Azər Buzovnalının poetik irsi, müxtəlif mövzuları əhatə edən yaradıcılığı və zəngin yaradıcılıq nümunələri, onun 1925-ci ildə tarixi mövzuda qələmə aldığı “Oğuznamə” əsərindən bəhs edib, şairin ədəbi fəaliyyəti, şəxsiyyəti və mühitinə dair aparılan araşdırmalardan söz açıblar. Bildiriblər ki, görkəmli şair və klassik irsin istedadlı tərcüməçisi Azər Buzovnalının Şərq, o cümlədən klassik Azərbaycan ədəbiyyatına dərindən bələd olması, ərəb, fars və türk dillərini mükəmməl bilməsi onun bədii tərcümə sahəsində də nüfuz qazanmasına səbəb olub. Azər Buzovnalını nikbin ruhlu şair kimi xarakterizə edən məruzəçilər şairin yaradıcılığında ruh yüksəkliyi, ümid, inam və həyata bağlılığın əsas motivlərdən biri olduğunu diqqətə çatdırıb, onun öz əsərlərində milli ədəbi ənənələri və Azərbaycan dilinin zənginliklərini qabarıq şəkildə tərənnüm etdiyini vurğulayıblar.

Sonda Əlyazmalar İnstitutunun akt zalında institut Kitabxanasının Azər Buzovnalının 155 illik yubileyi münasibətilə hazırladığı, görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi nümayiş olunub. Tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: