Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) M.Q.Xolodnova adına Botanika İnstitutunun direktoru, Ukrayna Botanika Cəmiyyətinin Prezidenti, UMEA-nın müxbir üzvü, professor Serqey Mosyakin AMEA-nın Botanika İnstitutunda olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Validə Əlizadə qonağa rəhbərlik etdiyi müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, burada həyata keçirilən layihələr və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Professor S.Mosyakin institutda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Botanika muzeyi və Herbari Fondu ilə tanış olub. Qonaq Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib.
S.Mosyakin rəbərlik etdiyi UMEA Botanika İnstitutu haqqında məlumat verərək, qarşılıqlı təcrübə mübadiləsi, polinomorfologiya üzrə birgə tədqiqatların aparılması və kadrların hazırlanmasının vacibliyini qeyd edib.
Görüşdə, həmçinin əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.