AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi münasibətilə “Cümhuriyyət dövründə milli dövlət quruculuğu: təcrübə və dərslər” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası institutun ümumi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi keçmişimizin şanlı səhifələrindən birini təşkil etdiyini bildirib. Qeyd edib ki, 28 may tarixi ölkəmiz üçün qürurla qeyd edilən bir tarixdir və müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük tarixi nailiyyətidir.
Daha sonra tarix elmləri doktoru İradə Bağırova, tarix elmləri doktoru Kamran İsmayılov “Cümhuriyyətin partiya sistemi. Müasir dəyərləndirmələr kontekstində”, tarix üzrə fəlsəfə doktorları Aygün Əzimova “Cümhuriyyətin sosial siyasətinin əsas aspektləri” və Mübariz Ağalarlı “Azərbaycan Cümhuriyyətində dini və ideoloji təməllərinin konseptual əsasları” adlı məruzələrlə çıxış edərək qeyd ediblər ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.