Fevralın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfrans iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə adından salamlayıb, konfransın işinə uğurlar diləyib. AMEA Rəyasət Heyətinin qərarı ilə keçirilən konfransın XXI əsrin ən mühüm çağırışlarından olan Big Data-nın multidissiplinar problemlərinə həsr olunduğunu qeyd edib.
Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən olan və multidissiplinar xarakter daşıyan Big Data problemlərinin müzakirəsi üçün informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Ölkədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə dəstəyilə bütün sahələrdə olduğu kimi, kompüter elmləri sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Hazırda Azərbaycanın aparıcı elmi-tədqiqat və ali təhsil müəssisələrində informasiya texnologiyalarının ən aktual problemləri üzrə fundamental tədqiqatların aparıldığını söyləyən alim ötən ilin nəticələrinə əsasən Azərbaycan alimlərinin bu sahədə regionda layiqli yer tutduğunu nəzərə çatdırıb.
Sonra akademik R.Əliquliyev “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması vəziyyəti və Big Data problemləri” adlı məruzə ilə çıxış edib. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”da cəmiyyətin müxtəlif sferalarında İKT-nin geniş tətbiqi nəzərdə tutulmuşdur. AR Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində ölkədə informasiya cəmiyyəti yüksək sürətlə inkişaf etmişdir ki, bununla da Azərbaycan dünyanın aparıcı ölkələri sırasında, eləcə də regionda layiqli mövqe tutmaqdadır.
Alimin sözlərinə görə, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. AR Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı çıxışında alimlərimizin ölkədə demoqrafik tədqiqatların aparılması, kosmik sənayeyə elmi dəstəyin verilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin zəruriliyini də vurğulayıb.
İnstitutun AzScienceNet elm kompüter şəbəkəsinin böyük həcmli verilənlərin saxlanılmasına xidmət edən Data Mərkəzinin hesablama məhsuldarlığının 15 TFlops, xarici yaddaşının həcminin isə 300 Tbayta çatdırıldığını bildirib. Qeyd edib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanmış böyük həcmli verilənlərin (Big Data) arxivi Data Mərkəzdə yerləşdirilib.
Sonda R.Əliquliyev bildirib ki, verilənlər elmi (Data Science) müasir dövrün ən perspektivli və multidissiplinar xarakter daşıyan elmləri sırasındadır. Verilənlər elminin tədrisində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə kadr hazırlığı kimi bir sıra mühüm məsələlərə diqqət yetirilməsi vacibdir.
Tədbirdə institutun şöbə müdirləri - texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovanın “Elektron tibdə Big Data: imkanlar, çağırışlar, perspektivlər”, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin “Big Data Analitikanın elmi-nəzəri problemləri”, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “İnformasiya təhlükəsizliyinin Big Data, Big Data-nın informasiya təhlükəsizliyi problemləri” mövzusunda məruzələri dinlənilib.
Konfrans 3 paralel seksiya iclaslarında davam etdirilib. Seksiya iclaslarında Big Data-nın konsepsiyası, analizi, saxlanılması, fərdi məlumatların təhlükəsizliyi, insan resurslarının idarə olunması məsələlərinin həllində tətbiqi, elektron dövlət, proqram mühəndisliyi və s. istiqamətlərdə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, konfransa müxtəlif elm və təhsil müəssisələrindən Big Data-nın müxtəlif problemlərini əhatə edən 57 məqalə təqdim olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.