“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərində “Sənin hüququn – sənin gəncliyin!” adlı genişmiqyaslı tədbir keçirilib.
Tədbir Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin, Azərbaycan Pediatrlar Assosiasiyasının və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Uşaqların xoşbəxtliyi naminə atılan hər addım xüsusi əhəmiyyət daşıyır. Bu tədbir də məhz onların rifahı, hüquqlarının qorunması və parlaq gələcəkləri naminə keçirilən silsilə təşəbbüslərin tərkib hissəsidir.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə millət vəkilləri – Mehriban Vəliyeva, Müşfiq Məmmədli və Günay Ağamalı, eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt üzrə sektor müdiri İman Ağayev, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə, təhsil işçiləri, valideynlər, şagirdlər, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.
Balaca qəhrəmanlarımızın səmimi çıxışları, rəngarəng kompozisiyaları tədbirə xüsusi ruh və mənəvi zənginlik qatıb.
Rəsmi hissədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, xüsusilə də Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizə əmanət övladlarını səmimi qəlbdən təbrik edib, onlara sağlam, sevgi dolu və işıqlı gələcək arzulayıb: “Uşaqlar bizim sabahımız, güclü vətəndaş cəmiyyətimizin bünövrəsidir. Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına, onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri təşkil edir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə malik çoxşaxəli layihələr həyata keçirir. Xüsusilə də qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar təqdirəlayiqdir.”
Tədbirdə çıxış edən millət vəkilləri – Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Günay Ağamalı, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Yaqubova və başqaları qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərindən biri olan sosial dövlət modeli, gənc nəslin hərtərəfli inkişafına göstərilən misilsiz qayğıda öz əksini tapır. Bu qayğının bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, onun uzaqgörən siyasəti sayəsində gələcəyimiz olan uşaqların və gənclərin rifahı daim dövlət prioritetinə çevrilib. Vurğulanıb ki, dahi şəxsiyyətin bu müdrik irsi bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük əzmlə davam etdirilir. Onların bu sahədəki yorulmaz fəaliyyəti və həssas yanaşması, gənc nəslin layiqli vətəndaş kimi yetişməsi üçün şərait yaradan danılmaz bir gerçəklikdir.
Gənc nəslin hərtərəfli inkişafı təkcə təhsil və səhiyyə ilə məhdudlaşmır, eyni zamanda onların mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlarının üzə çıxarılması da dövlətin diqqət mərkəzindədir. Təqdirəlayiqdir ki, bu istiqamətdə həyata keçirilən layihələr, proqramlar və təşəbbüslər Azərbaycanın gələcəyini etibarlı əllərdə formalaşdırır. Bu ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın hər bir gənc vətəndaşının parlaq gələcəyə inamla baxmasına zəmin yaradır.
Tədbirin təşkilində əməyi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Pediatrlar Assosiasiyası və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbərliyinə, bütün tərəfdaşlara təşəkkür bildirilib.
Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.
Gəlin, birlikdə uşaqlarımıza daha xoşbəxt, sağlam və hüquqları qorunan bir gələcək inşa edək!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.