AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, XIX əsr realist Azərbaycan ədəbiyyatının nümayəndəsi, maarifçi, realist satiranın banisi Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr olunmuş “Qasım bəy Zakirin bədii irsi” adlı elmi sessiya keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına əsasən keçirilən bu tədbirin Zakir irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Qasım bəy Zakirin ədəbi irsi hələ sağlığında böyük şöhrət qazanmış, onun yaradıcılığı dövrün görkəmli ziyalıları tərəfindən yüksək qiymətləndirilmişdir. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.
İnstitutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları - şöbə müdiri fil.e.d., dosent Raqub Kərimov, aparıcı elmi işçi fil.ü.f.d. Tünzalə Seyfullayeva, elmi işçi Sevinc Muxtarova, böyük laborant Nərmin Cəlilova və redaktor Vəfa Şərifova mövzuya uyğun məruzələrində Qasım bəy Zakirin Azərbaycan ədəbiyyatında mövqeyindən, onun əlyazma irsindən, qeyri-mətbu şeirləri və satirasından, o cümlədən Azərbaycan-rus ədəbi əlaqələrindəki rolundan bəhs edib, çıxışlarında qüdrətli söz ustası kimi şöhrət qazanmış şairin klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus lirik üslubda inkişaf etdirdiyini vurğulayıblar.
Tədbirdə həmçinin institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Əli Əliyevin və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın məruzə ətrafında çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları institut Kitabxanasının hazırladığı, şairin yaradıcılığını və bədii irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.