AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, ədəbiyyatşünas alim, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən "Bəxtiyar Vahabzadə və Şəki ədəbi mühiti: təsirlər, tövsiyələr" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Şəki şəhər ziyalıları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü bugünkü dəyirmi masanın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının işığında təşkil olunduğunu bildirib. Vurğulayıb ki, XX əsrin 60-cı illərində Xalq şairinin məhz Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində senzuranın ağır mühakiməsindən xilas olması, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalaması ədəbiyyata, elm xadimlərinə olan diqqət və qayğının göstəricisidir.
Sonra Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov "Bəxtiyar Vahabzadənin XX əsr Azərbaycan poeziyasında yeri və rolu" mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatının ən ziddiyyətli, keşməkeşli dövrü olsa da, Bəxtiyar Vahabzadə sosialist-realizminin tüğyan etdiyi bir dövrdə milli şüur, millət, xalq, vətəndaş, milli birlik mövzularını təbliğ edən şairlərdəndir və yaradıcılığında sosializmi, onun qəhrəmanlarını əks etdirən tək bir əsərə belə rast gəlinmir.
Kamil Adışirinov "Bəxtiyar Vahabzadə 1000 il bundan əvvəl və min il bundan sonranın şairidir" fikrini əsas gətirərək şairin dahi Nizaminin, Füzulinin yaradıcılığından ilhamlanaraq böyük əsərlər yaratdığını və əcdadlarının ruhunu ləyaqətlə daşıdığını və gələcək nəsillərə ötürdüyünü vurğulayıb.
"Azərbaycan poeziyasının sönməz işığı" mövzusunda məruzə ilə çıxış edən tədqiqatçı filoloq Səhər Rzayeva Bəxtiyar Vahabzadənin fəlsəfi şeirin görkəmli nümayəndəsi olmasından, əsərlərində fəlsəfi fikirlərini sadə dillə ifadə edərək oxuculara çatdırmasından danışıb. O, şairin "Özümüzdən öyrənək", "Qorxu", "Şairin harayı" şeirlərindən nümunələr gətirərək fikirlərini əsaslandırıb.
Daha sonra Şəki şəhər 10 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfəq Xəlilova "Bəxtiyar Vahabzadənin yaradıcılığında Şəki motivləri: milli ruh və vətənpərvərlik prizmasından" adlı məruzəsini təqdim edib.
O, Şəki mövzusunun şairin yaradıcılığından qırmızı xətlə keçdiyini söyləyib, xalq ruhundan süzülüb gələn poetikliyin insanı özünə, kökünə bağlamasından və nəhayət, bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə təsirindən danışıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sabir Rəhmanın Ev muzeyinin baş fond mühafizi Aydın Məmmədov Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının ilk dəfə nəşr edildiyi "Şəki fəhləsi" qəzeti və qəzetin sonrakı taleyi haqqında məlumat verib. Qəzetin 1960-cı il iyul və oktyabr nəşrlərində poemadan parçaların dərc edildiyini diqqətə çatdırıb.
Sonda şəkili şairlər Gülarə İnci və Əhməd Zəyzidlinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş şeirləri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.