AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Şamaxıda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə keçirilmiş “Aləmdə səsim var mənim...” adlı respublika elmi konfransında iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyəti nümayəndələrinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin, o cümlədən ölkəmizin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin iştirak etdiyi konfransda institut əməkdaşları aparıcı elmi işçilər - fil.ü.f.d. Samirə Əliyeva və fil.ü.f.d. Tünzalə Seyfullayeva, böyük elmi işçilər - Günel Quliyeva və Xoşqədəm Mirzəyeva, elmi işçi Sevinc Muxtarova, baş kitabxanaçı Lalə Hüseynova, redaktor Vəfa Şərifova, baş mütəxəssislər - Zərifə Haqverdiyeva, Nuriyyə Əliyeva və Gülnarə Ağayeva, kiçik elmi işçi Ramidə Abbasova, mütəxəssis Çinarə Qəbulova və böyük laborantlar - Nəsibə Murtuzayeva və Nərmin Cəlilova görkəmli şairin yaradıcılığını özündə əks etdirən məruzələrlə çıxış edib, konfransda fəal iştiraklarına görə təşkilatçı qurumun sertifikatına layiq görülüblər.
Konfrans çərçivəsində əməkdaşlarımız S.Ə.Şirvaninin xatirəsini yad etmək məqsədilə şairin Şamaxı rayonunda yerləşən məzarını ziyarət ediblər.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və universitetin Şamaxı filialının birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.